Azərbaycan Ordusunun 44 günə zəfərlə başa çatdırdığı İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq dastanı yazan Vətən oğullardan biri də şəhid əsgər Musa Əlövsət oğlu Mustafayevdir.
Bu Vətən sevdalısı 2001-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olmuşdur. Orta təhsildən sonra Cəlilabad rayonundakı Göytəpə qəsəbəsində yerləşən texniki məktəbinin geniş profilli traktorçu-maşinist, çilingər-sürücü ixtisasına yiyələnir. Erməni dığalarının Qarabağın işğalına dözə bilməyəm Musa 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətə başlayır və düşmənin başını əzmək üçün məqam gözləyir. Nəhayət ki, Musa 2020-ci il sentyabrın 27-də məqsədinə çatır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı etdiyi Vətən torpaqların azadlığı uğrunda İkinci Qarabağ döyüşlərinə qatılır. Füzulidə torpaq naminə vuruşmalarda böyük şücaət göstərir, sarsıdıcı zərbələr vurmaqla düşmənin bir sıra mövqelərini, canlı qüvvəsini, döyüş texnikasını məhv edir. Qəlbi Vətən eşqi ilə döyünən igid əsgər 19 yaşında, oktyabrın 6-da müharibə meydanında qəhrəmancasına şəhid olur. Döyüş zamanı göstərdiyi şücaəti ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilir.
İndi Masallılar öz qəhrəman oğlunu hər an ehtiramla xatırlayır, onun şərəfli ömür yolunu örnək götürürlər. Demək olar ki, onun anım gününə rayon əhalisinin əksər hissəsi gəlmişdi. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri çıxış edib Vətən torpaqlarının işğaldan azad olmasına görə Musa Mustafayev kimi igid oğullara borclu olmasını söylədilər. Bir daha bildirildi ki, xalqımıza öz qanı bahasına şanlı qələbə yaşadan Vətən oğlanların hər biri elə Vətən səmasının əbədi parlaq günəşidir...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü