Yeni tədris ili başlasa da, bəzi bölgələrdə şagirdlər dərsə getməkdə çətinlik çəkir. Saatlı rayonunun Qara Nuru kəndində yeni yaşayış massivinin sakinləri yol problemi sarıdan əziyyət çəkir.
Sakinlərin bildirdiyinə görə, havaların kəskin dəyişməsi, yağan yağışlar 15 ailədən olan şagirdin məktəbə gediş-gəlişini çətinləşdirib: “Yeni yaşayış massivində bizim küçə salınandan yolla bağlı heç bir iş görülməyib. Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümümiyyətlə getmir. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, bizə hər hansı bir cavab verilməyib”.
“Əlavə imkanımız da da yoxdur ki, həmin küçəni də düzəldək, burada yaşayan ailələrin, demək olar ki, hamısı vergilərini vermir”
Sakinlərin yol problemi ilə bağlı Saatlı rayonunun Qara Nuru kəndinin bələdiyyə sədri Kamil Ağayev bildirdi ki, 8 minə yaxın əhalisi olan kənddə 141 küçə var: “Daxili imkanlarımız, daha dəqiq desək, küçə sakinlərindən toplanan vergi pulu hesabına narahatlıq olan küçələri qumlayırıq. Yəni hər hansı küçədən vergi pulu kimi toplanan vəsaiti həmin küçənin ehtiyaclarına xərcləyirik. Əlavə imkanımız da da yoxdur ki, həmin küçəni də düzəldək. Burada yaşayan ailələrin, demək olar ki, hamısı vergilərini vermir. Hətta bəziləri bələdiyyə yaranandan vergi vermir”.
Günel CƏLİLOVA