Son zamanlar müxtəlif taksi şirkətlərinin xidmətindən istifadə edən əksər sərnişinlər xidmətdən narazılıq edir. Belə ki, bəzi sürücülər ya narkotik vasitənin təsiri altında avtomobil idarə edir, ya da sərnişinə qarşı kobud davranışlar edirlər. Əksər sərnişinlər isə taksi sürücüsünün proqramda göstərilən məbləğdən artıq vəsait tələb etməsindən narazıdır. Bir sözlə, taksi sürücülərinin sərnişinlərə qarşı xoşagəlməz rəftar etməsi onların haqlı narazılığına səbəb olur.
Xatırladaq ki, sovet dönəmində xüsusi kursdan keçə bilməyən sürücülər, yəni davranışı, psixoloji vəziyyəti normal olmayanlar taksi sürücüsü kimi fəaliyyət göstərə bilməzdi.
Ancaq indi vəziyyət fərqlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər şirkətlərə onlayn müraciət edir. Sadəcə avtomobil haqqında məlumat vermək kifayət edir ki, şirkətlər həmin şəxsi şifahi sövdələşmə ilə işə qəbul etsin. Onların müştəri ilə davranışı və ya psixoloji vəziyyəti isə yoxlanılmır. Maraqlıdır, indi niyə taksi sürücülərindən sağlamlıq arayışı tələb edilmir?
“Sovet vaxtı taksi fəaliyyəti ilə məşğul olmaq üçün onlar hazırlıq kurslarından keçirdilər, tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilməzdi”
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sovet vaxtı taksi fəaliyyəti ilə məşğul olmaq üçün onlar hazırlıq kurslarından keçirdilər: “Tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilməzdilər. Bu qayda indi də mövcud olsa da, sadəcə kağız üzərindədir. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən istənilən şəxs Bakıda fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə, digər şəhər və rayonlarda işləmək istəyənlər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edir və dövlət rüsumunu ödəməklə fərqlənmə nişanı alaraq taksi fəaliyyəti göstərir. Bu sahədə yaşanan problemləri həll etməkdən ötrü taksi sürücüsü olmaq üçün tələb edilən sənədlərin siyahısı vergi qanunvericiliyinə də əlavə olunmalıdır”.
Günel CƏLİLOVA