Masallı rayon Tarix Diyarşünaslıq muzeyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir 44 gün davam edən, zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuşdu. Belə ki, Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı dərnək üzvlərinin əl işlərdən ibarət sərgi-tədbir “Şəhidləri anarkən” adlanırdı.
Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik hörmət və ehtiramla yad edildikdən sonra muzeyin direktoru Əntiqə Tağıyeva dedi: - Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi tarixi zəfər haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Qaldı hamı bilməlidir ki, cəbhədə qazanılan uğurların ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, əsgər və zabitlərin ruh yüksəkliyi oldu.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əsmər Axundova öz çıxışında bildirdi ki, 44 gün çəkən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Fəqət, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi şüara çevrilib ordumuzu hər gün zəfərdən-zəfərə aparırdı. O taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizə tam əmin olurduq. Bizim mərkəzin dərnək üzvlərdən Sübhan Rauf oğlu Həsənov və Elməddin İsmayıl oğlu Nəzərov Vətən müharibəsinin ilk günlərdən döyüşə qatılıb şəhidlik zirvəsinə ucaldılar. Xalqımız tərəfindən şəhidlərin xatirələri daim əziz tutulacaqdır.
Uşaq-Gənclər İnkişaf Mərkəzin dərnəyin üzvü Z.İbadovanın şəhidlərin xatirəsinə həsr etdiyi şeri də ürəklərə qürur gətirdi. Sonda isə sərgiyə baxış keçirildi, xatirə şəkilləri çəkdirildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü