Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov özəl tibb müəssisələrində PCR testinin qiymətlərinin baha olmasına münasibət bildirib.
Bu barədə komitənin keçirdiyi dinləmədə çıxış edən Ə.Əmiraslanov qeyd edib ki, ölkədə müxtəlif laboratoriyaların qiymətlərində fərq var: “Bununla bağlı Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət edirəm. Elə etmək olmaz ki, qiymətlər müəssisələrdə eyni olsun?! Bəzilərinin qiymətində hətta 30-40 faiz fərq var. İnsanlarda da belə bir fikir yaranıb ki, bizdə PCR testlərinin qiyməti yüksəkdir. Bunu nə ilə izah etmək olar? Heç olmasa, bunların qiyməti bütün laboratoriyalarda eyni olsun. Özəl laboratoriya olanda nə olar ki? Ona da işləmək üçün lisenziyanı Səhiyyə Nazirliyi verir”.
Komitə sədri sonda əlavə edib ki, Türkiyədə PCR testinin qiyməti 250 lirədir.
“Əhliman Əmiraslanov olduqca ciddi və mühüm bir məsələni gündəmə gətirib”
Azərbaycan Həkimlər Birliyinin idarə heyətinin üzvü, professor Ədalət Rüstəm “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovun qaldırdığı bu məsələ çox aktualdır və cəmiyyəti dərindən narahat edən bir məsələdir. Ə.Rüstəmin sözlərinə görə, PCR testlərinin hər klinikada bir qiymətə olması və bu sahədə vahid qiymət sisteminin tətbiq edilməməsi mövcud mənzərənin yaranmasına səbəb olub. “Əhliman Əmiraslanov olduqca ciddi və mühüm bir məsələni gündəmə gətirib. Mənim onun fikirlərinə münasibətim müsbətdir. Bu gün özəl labarotoriyalarda qiymətlər həqiqətən də fəqrlidir, fərq də cüzi deyil, böyükdür. Özəl tibb müəssisələrində PCR test müayinəsi maya dəyərindən bir neçə qat baha qiymətədir. Bəziləri deyir ki, qiymətlərin baha və fərqli olması həmin testlərin maya dəyərindən asılıdır. Guya baha alan baha, ucuz alan da ucuz qiymətə xidmət göstərir”.
Ə.Rüstəm bildirdi ki, bir mütəxəssis kimi Ə.Əmiraslanovun Səhiyyə Nazirliyinə və TƏBİB-ə çağırışını dəstəkləyir və bu qurumlar istəsələr problemi tez bir zamanda həll edə bilərlər. “Özəl tibb müəssisələrində PCR testinin qiymətlərinə Səhiyyə Nazirliyi müdaxilə edə, qiymət artımına yol verən laboratoriyaların qiymətlərində tənzimləmələr həyata keçirə bilər. Özəl tibb müəssisələrinə lisenziyanı Səhiyyə Nazlirliyi verir. Səhiyyə Nazirliyinin ixtiyarı var ki, onun tələblərinə, təlimatlarına əməl etməyən özəl tibb müsəssisəsinin fəaliyyətini məhdudlaşdırsın, yaxud dayandırsın. Səhiyyə Nazirliyi qiymət fərqliliyini aradan qaldıra və tənzimləyə bilər, bu onun ixtiyarında olan məsələdir”-deyə Ə.Rüstəm qeyd etdi.
İradə SARIYEVA