İkinci Qarabağ müharibəsi milli dövlətçilik və hərb tariximizin şanlı və qürurverici səhifəsinə çevrildi. Bu müqəddəs savaşda qazanılan parlaq qələbə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz sərkərdə qüdrətinin, doğma vətənini canından artıq sevən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində gerçəkləşdi. Xalq və ordunun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilib məkrli düşməni darmadağın etdi.
Məlumdur ki, müharibə zamanı kənd və şəhərlərimiz erməni mərmiləri sayəsində viran qoyuldu. İşğalçı ölkə müharibəni hərbçilərlə deyil, mülki əhali ilə aparırdı. Bunun nəticəsind çoxlu sayda bölgələrimiz erməni mərmi və raketlərinin zərbəsi nəticəsində qəzalı vəziyyətə düşdü. Qəzalı evlərin təmir olunması ilə bağlı Prezident İlham Əliyevin xüsusi göstərişi olsa da, bəzi ərazilərdə bu problem hələ də uzadılır. Belə bir hal Ağcabədi rayon Arazbarı kəndində qeydə alınıb. Kənd sakini Məmişov Oruc Vətən müharibəsi günlərində ziyan çəkən mülki vətəndaşlardandır. Ötən il sentyabrın 28-də evinin həyətyanı sahəsinə düşən mərmi bir sıra fəsadlara səbəb olub, dam örtüyü yararsız vəziyyətə düşüb, pəncərələri qırılıb. Müharibə bitəndən sonra dövlət tərəfindən təyin olunmuş komissiya baxış keçirib və dəymiş ziyanı hesablayıb. O.Məmişov bildirir ki, evin pəncələri hələ də düzəlməyib: “Ailə büdcəmiz imkan vermir ki, özümüz təmir edək. Nəzərə almaq lazımdır ki, qarşıdan soyuq qış fəsli gəlir. Soyuq qış günlərində evin pəncələri olmadan yaşamaq mümkün deyil”.
“Vətəndaşın müraciətinin əsassız olmasına baxmayaraq, ona 1 ədəd pəncərənin verilməsi qərara alınıb”
Məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Səfər Səfərov bildirdi ki, Vətən müharibəsi zamanı Ağcabədi rayonunda 15 yaşayış məntəqəsinə ziyan dəyib: “Ümumilikdə, rayon ərazisində 511 tikiliyə ziyan dəyib. Bunlardan 494 fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında yaradılmış işçi qrupu tərəfindən 12 noyabr və 5 dekabr tarixlərind baxış keçirilərək aktlaşdırılıb. Məmişov Orucun yaşadığı evə baxış keçirilən zaman evin foto və video görüntüsü çəkilib. Baxış zamanı 0,3 kvadrat metr pəncərə şüşəsi, 1 kvadrat plastik pəncərənin paneli və 2 ədəd şiferin zədələndiyi müəyyən edilib. Lakin vətəndaş müraciətində 2 ədəd pəncərənin yenidən qurulmasını tələb edir. Vətəndaşın müraciətinin əsassız olmasına baxmayaraq, ona 1 ədəd pəncərənin verilməsi qərara alınıb”.
Günel CƏLİLOVA