Lerik rayonunun Piran kənd tam orta məktəbində "Çempionumuz" layihəsi çərçivəsində lerikli idmançı Füqan Əliyevlə məktəblilərin görüşü olduqca böyük maraq doğurdu. Tədbir idmançının həyat yolunu, yarışlar zamanı qazandığı uğurları əks etdirən video-çarxın nümayişi ilə başlandı. Daha sonra o, yarışlar zamanı qazandığı qələbə təəssüratları barədə məktəblilərə məlumat verdi, onların suallarını cavablandırdı.
Axırda Füqan məktəblilərlə şəkil çəkdi və onun haqqında hazırlanmış xatirə şəkillərini imzalayaraq pərəstişkarlarına hədiyyə etdi.
Ömrünün 20-ci ilini yaşayan gənc idmançı Lerik rayonunun Piran kəndində dünyaya göz açmışdır. İndi 10 ildir idmanın ağır atletika növünə maraq göstərir. Elə idmanda ilk addımlarını da doğma kəndində fəaliyyət göstərən “Zirvə” İdman Klubunda atmışdır. Artıq qazandığı nailiyyətlərə görə doğma kəndində hamı bu gənc idmançı ilə fəxr edir.
İdmanda Füqan ilk uğuruna 11 yaşında imza atır. Belə ki, Lənkəran şəhərində keçirilən ağır atletika üzrə zona yarışında 35 kiloqram şəki dərəcəsində üçüncü yerə çıxır. On dörd yaşında onu ağır atletika üzrə Azərbaycan Milli Yığma Komandasına dəvət edirlər. Füqan da etimadı gözəl nəticə ilə tam doğurdur. 2016-cı ildə Polşada keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanır. Bir il sonra isə Tailandda təşkil olunan Dünya çempionatında 62 kiloqram çəki dərəcəsində idman ustası normativini ödəyir.
Gənc idmançının daha bir uğuru İtaliya şəhərində olur. 2018-ci ildə burada keçirilən Avropa çempionatında 69 kiloqram çəki dərəcəsində bürünc medalla doğma kəndinə qayıdır. Həm də 2016, 2018, 2019 və 2020-ci illərdə keçirilmiş ağır atletika idmanı üzrə Azərbaycan çempionatlarının qızıl mükafatına sahib çıxıb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü