Müəllimlərin işə qəbulu ilə bağlı bəzi məsələlər hələ də öz həllini tapmayıb. Belə ki, kollec məzunu olan şəxslər işə götürülmür. Onlar müsabiqədə lazımı bal yığsalar da, təyin olunduqları məktəbdə işləyə bilmirlər.
Qeyd edək ki, bu məsələ ilə bağlı problemlə üzləşən məzunların sayı kifayət qədərdir və onlar məsələnin həlli üçün Təhsil Nazirliyi tərəfindən müvafiq addımların atılmasını gözləyir.
Kamran Əsədov: “Orta məktəblərdə müəllim kimi çalışmaq üçün mütləq şəkildə hər bir şəxsin diplomunda “pedaqoji müəllim”lik sözü yazılmalıdır, ancaq…”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Azərbaycanda müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş şəkildə ilk dəfə 2009-cu ildə keçirilib: “2013-cu ildən etibarən isə bu sistem tamamilə şəffaf formada həyata keçirilir. Orta məktəblərdə müəllim kimi çalışmaq üçün mütləq şəkildə hər bir şəxsin diplomunda “pedaqoji müəllim”lik sözü yazılmalıdır. Təəssüf ki, bir sıra kollec məzunlarının diplomunda bu yoxdur. 5 il öncəyə qədər kolleclər pedaqoji yönümlü kadr hazırlayırdılar. Ancaq son illər orta ixtisas təhsili müəssisələrində pedaqoji kadrların hazırlanması məhdudlaşdırılıb. Bu səbəbdən də diplomda müəllim sözü olmayanlar məktəbdə işləmək sarıdan çətinlik çəkir. Bu hal təkcə orta məktəblərlə bağlı deyil, universitetlərdə də vəziyyət eynidir. Ali təhsil müəssisələrinin tarix, filologiya, riyaziyyat ixtisaslarını bitirənlər də orta məktəblərdə işləyə bilmirlər. Səbəb isə onların diplomunda “müəllim” sözünün olmamağı ilə bağlıdır. Təhsil naziri orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı qaydalara dəyişiklik edib. Qaydalara dəyişikliyin səbəbi isə ölkədə kifayət qədər pedaqoji kadrların olması ilə bağlıdır. Hazırda ölkədə yetərli sayda müəllim kontingenti var, müəllim çatışmazlığı kimi problem yaşanmır. Bu səbəbdən qeyri-pedoqoji ixtisasların müəllim kimi çalışmasına icazə verilmir”.
Təhsil Nazirliyi: “Ali və orta ixtisas müəssisələrini pedaqoji profil üzrə bitirmiş, dövlət nömrəli sənəd əldə etmiş şəxslər iştirak edə bilər”
Təhsil Nazirliyinin rəsmisi isə deyir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarına əsasən, müsabiqənin test mərhələsində yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji profil üzrə bitirmiş, dövlət nömrəli sənəd əldə etmiş şəxslər iştirak edə bilər.
Günel CƏLİLOVA