İcbari tibbi sığota tətbiq ediləndən etibarən zaman-zaman həkimlərin əmək haqqının gecikməsi xəbəri yayılır. Növbəti belə bir hadisə Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, adıçəkilən xəstəxananın həkimləri 3 aydır ki, əmək haqqı ala bilmir. Buna səbəb kimi isə bank hesablarına həbs qoyulması göstərilir.
Xəstəxananın baş həkimi gecikmənin ondan asılı olmayan səbəblərdən qaynaqlandığını, tibb müəssisəsinin bank hesablarına həbs qoyulduğunu qeyd edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Yaxın günlərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinin avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənilməsi təmin ediləcək”
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinə avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənişində gecikmənin olmasına səbəb Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən sözügedən xəstəxananın bank hesabına sərəncam qoyulmasıdır: “Problemin aradan qaldırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Lerik rayon Məhkəməsinin qərardadından Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət olunub. Nəticə olaraq 30 sentyabr 2021-ci ildə Agentliyin şikayəti təmin olunub və Lerik Rayon Xəstəxanasının bank hesabına tətbiq edilən sərəncamın ləğv edilməsi üçün əsas yaranıb. Yaxın günlərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinin avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənilməsi təmin ediləcək”.
Pərvanə Mustafayeva: “Xəstəxananın bank hesabına həbs qoyulubsa, aidiyyəti şəxslər məvacibin verilmə tarixinə qədər bu məsələni həll etməli idi”
Həkim Pərvanə Mustafayeva bildirdi ki, zaman-zaman bir sıra xəstəxanalarda həkimlərin əmək haqqı probleminin yaşanmasının şahidi oluruq: “Əmək haqqının gecikməsinin müxtəlif səbəbləri var. Ancaq istənilən halda, əziyyəti tibb işçisi çəkməməlidir. Əgər xəstəxananın bank hesabına həbs qoyulubsa, aidiyyəti şəxs məvacibin verilmə tarixinə qədər bu məsələni həll etməli idilər. Onu da nəzərə almaq lazımdır ki, bölgələrdə çalışanların maaşları elə də yüksək deyil”.
Günel CƏLİLOVA