Vətən yolunda canından keçən şəhid ailələrini dövlətin öz himayəsinə götürməsi, onlara müxtəlif yardımlar göstərilməsi göz önündədir. Bütün bunlara baxmayaraq, təkcə dövlət deyil, həmçinin kiçik sahibkarlıqla məşğul olan vətəndaşlar da imkanları daxilində şəhid ailələrinə xidmət göstərməyi özlərinə borc bilir.
Tək-tük olsa da, yəqin ki, bir çoxumuz obyektlərin qarşısında şəhid ailələrinə pulsuz xidmət edəcəkləri ilə bağlı plakatlara rast gəlirik. Bu tip plakatlar tək restoran və iaşə obyektlərinin qarşısında deyil, dönərxanaların qarşısında da olur. Dönərxananın qarşısında bu tip reklam elanlarının qeyd olunması ictimaiyyət tərəfindən xoş qarşılanmır. Qeyd olunur ki, iaşə obyektlərində “şəhid ailələrinı pulsuzdur” elanının vurulmasının tək məqsədi reklam əldə etməkdir.
“Hansı şəhid övladı 2 -3 manatlıq dönər üçün dönərxananın qabağında boynunu büküb deyəcək ki, şəhid övladıyam, pulsuz dönər ver?”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, iaşə obyektlərinin özlərini şəhid ailələrinə yardım etmək adı ilə reklam etməsi yolverilməzdir: “Bəzən marketlərin qarşısında buna bənzər yazılar da görmək olur. Dönərxanaların qarşısında da şəhid övladlarına pulsuz tipli elanlar vurulur. Hansı şəhid övladı 2 -3 manatlıq dönər üçün dönərxananın qabağında boynunu büküb deyəcək ki, şəhid övladıyam, pulsuz dönər ver? Əvvəla, bu tərzdə reklamlar həm milli hisslərimizə, həm də dövlət marağımıza qəti olaraq ziddir. Paylaşılan statusun altında “təqdirəlayiqdir” şərhlərini gördükdə bir daha xəcalət çəkirəm”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, şəhid ailələri sahibsiz buraxılmayıb. Onlara istər dövlət, istərsə də yardımsevər insanlar daim diqqət və qayğı göstərir: “Belə ucuz reklamların yayılması düzgün deyil. Kimsə hansısa şəhid ailəsinə yardım etmək istəyirsə, sakitcə həmin ailəni ziyarət edib, nəsə alıb apara bilər. Ancaq bu tip elanlarla o ailələri təhqir etməyin”.
Günel CƏLİLOVA