Təqribən Lənkəran rayonunun 30-a yaxın kəndində qaz yoxdur. Odur ki, bu kəndlərdə yaşayan camaat, ən əsası, qışın şaxtasından salamat çıxmaqdan ötrü odundan istifadə edir. Odun da kəndlərə yaxın olan meşələrin hesabına əldə olunur.
Əvvəllər çoxu meşədən təbii şəkildə qocalan, yıxılan, eləcə də dibi çürüyən ağacların hesabına qış üçün odun tədarük edərdi. İndi meşələr adamların üzünə bağlanıb. Odun satışı ilə meşə gözətçiləri məşğul olurlar. Onlar da hər il Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin tapşırığına əsasən odunun qiymətini qaldırırlar. Bu mövsümdə yanacaq oduna elə bir qiymət deyirlər ki, heç cür ona yaxın düşmək olmur. Nəticə də yanacaqla bağlı rayonun qazsız kəndlərdə ağır bir vəziyyət yaranmışdır.
Meşə gözətçilərin dediyinə görə Lənkəranda kəndlini odunsuz qoyan Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəhbər işçiləridir. Yəni meşə gözətçiləri onların tapşırığına əsasən oduna qiymət qoyurlar. Qiymət yüksək olduğuna görə o məhdud maddi imkanlı insanlara qətiyyən sərfəli deyil...
Doğrudur, bu ildə odun tədarükü ilə bağlı meşələrdə xüsusi qırma sahələri ayrılıb. Qaldı bunun əhaliyə zərrə qədərdə xeyri yoxdur. Bu bir növ meşələrdə olan ədalətsiz qiymət artımına rəvac verir. Odunun baha qiymətə satılması üçün meşə gözətçiləri yıxılan ağaclar qala-qala cavanları, sağlamlarını kəsib oduncaq edirlər. Hətta çox vaxt odun tədarükü altında çökə, palıd, fıstıq, vələs ağaclarını qırıb tikinti materialı kimi satırlar. Ümumiyyətlə, meşə işbazlarını odun tədarükü yox, daha çox pul xətrinə meşələri talan etmək düşündürür. Məhz bunun nəticəsidir ki, Lənkəran rayonunda mavi qazı olmayan kəndlərində qışa odunsuz gedənlər vardır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü