Vətən müharibəsinin ildönümü münasibətilə Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Milli Məclisin deputatı Əhliman Əmiraslanov Saatlı rayonunda şəhid ailələri və qazilərlə görüş keçirib.
Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə olan görüşündə deputat Əhliman Əmiraslanov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə Saatlı gəncinin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb, Vətən müharibəsinin ildönümü münasibətilə belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Görüş iştirakçılarına sağlamlıq problemlərinin həll olunmasına köməklik göstəriləcəyini bildirilib. Görüşdə Saatlı rayonu icra hakimiyyətinin başçısı Elmir Bağırov və YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev iştirak edib.