44 gün davam edən, zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində son nəfəsinə qədər döyüşüb yağı düşmənə qan qusduran Vətənin igid oğlu Əli Rzalı 2002-ci ildə Yardımlı rayonunun Bilnə kəndində boya-başa çatmışdı.
Həqiqi hərbi xidməti ön cəbhədə keçirən Əli müharibə zamani Murov dağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş, torpaq naminə göstərdiyi şücaətlə sözün əsl mənasında tarix yazmışdı. Müharibə meydanında şəhid olan igid əsgər öz şərəfli ölümü ilə ürəklərdə özünə əzəmətli abidə ucaldır. Layiqli bir övlad kimi Vətən qarşısında son borcunu ləyaqətlə verən Əli ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Şücaətə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.
Vətənin qalib şəhidi Əli Rzalının doğulduğu kəndində onun xatirəsinə bulaq kompleksi inşa edilib. İndi bura kənd sakinlərin and yerinə dönüb. Xalq arasında “İgid ölər, adı qalar” deyimi vardır. Əli də Vətəni, xalqı üçün gördükləri ilə əbədi olaraq ürəklərdə yaşamaqla, hər an layiqli, şanlı vətəndaş olaraq xatırlanacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü