44 günlük Vətən müharibəsində hünər göstərib ad qazanan mayor Amid Heydərov hər bir lerikli üçün iftixar mənbəyi, qürur yeridir. Qərinələr keçəcək, gələcək nəsillər də onun müqəddəs və şərəfli ömür yolunu özlərinə örnək biləcək. Çünki dağlar diyarın igid oğlu həyatını Vətən torpaqların azadlığına qurban etdi.
1988-ci ildə Lerik şəhərində anadan olan Amid Heydərov uşaqlıqdan hərbi sənətinə maraq göstərir. Ali məktəbi bitirən Vətən sevdalısı həmişəlik özünü orduya bağlayır. Doğma Azərbaycanı göz-bəbəyi kimi qoruyur, qarşısında son borcunu da şərəflə verir.
Azərbaycan Ordusunun mayoru, “N” saylı hərbi hissə komandiri olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılda gedən döyüşlərə qatılır. Erməni faşistlərinə qan uddurur, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. 3 oktyabrda şəhadətə yüksəlir. Lerik şəhər qəbiristanlığında torpağa tapşırılır. Amid ölümündən sonra dövlət tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına, eləcə də "Cəbrayılın azad olunmasına görə", “Vətən uğrunda” medallara layiq görülür.
Şəhidin il mərasimi keçirildi. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev və aparatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bütün gün ərzində Lerik şəhər qəbiristanında uyuyan şəhid mayor Amid Heydərovun məzarı ziyarət olundu, onun üstünə tər gül dəstələri qoyuldu.
Çıxış edənlər Amid Heydərovun şərəfli ömür yolundan danışıb bildirdilər ki, Lerikin igid oğlu Vətənini, torpağını canından artıq sevirdi. Yaşamağı da elə xalqının xoşbəxtliyi naminə idi. Amidin ömrü qısa, son dərəcə mənalı oldu. Məhz buna görə də ölüm onu torpağa gömülmədi, o, əbədi yaşamaq üçün könüllərə köç etdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü