İkinci Qarabağ müharibəsində haqq savaşında qəhrəmanlıq göstərərək tarix yazan igidlərimizdən biri də İntiqam Əsgərlidir. Vətəninə, torpağına ürəkdən bağlanmış İntiqam Bayram oğlu Əsgərli 1990-cı ildə Masallı rayonunun Viləş kəndindı dünyaya göz açmışdı.
O, 2011-ci ildə Quru Qoşunlarının Gizirlik kursunu bitirərək Xüsusi Təyinatlı Qüvvələrdə hər qarışını özünə əziz bildiyi doğma Azərbaycanın xidmətində durur. İntiqam Əsgərli 2016-ci ildə Aprel döyüşlərində yağı düşmənə vurduğu sarsıdıcı zərbələrlə Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı tam sübut edir. Vətən sevdalısı 27 sentyabr Vətən müharibəsində də döyüş meydanlarında yüksək şəxsi rəşadət nümayiş göstərir. Düşmənə qan qusdurur, ondan ürəyincə qisasını ala bilir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Zəfər tariximizin şanlı əsgəri İntiqam ölkə başçısının verdiyi müvafiq sərəncamına əsasən “Vətən Müharibəsinin Qəhrəmanı” adını alır. Qəhrəmana məxsus bütün əşyaları AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Vətən Müharibəsi fonduna verilibdir. İndi onlar orada cəsurluq, mərdlik simvolu tək etibarlı şəkildə qorunur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü