Məktəb deyəndə, təhsil aldığımız tədris ocaqları, dəyərli müəllimlərimiz gözlərimiz önündən gəlib keçir.
Nümunəvi təhsil sistemi ilə seçilən məktəblərdən biri də Bakı şəhərindəki Akif Qambayzadə adına 148 №-li tam orta məktəbdir. Məktəbin direktoru Esmira xanım Babayeva bu elm ocağına rəhbər təyin olunduğu gündən işləri günün tələbləri səviyyəsində qurub. Şagirdlərin daha yaxşı biliyə yiyələnməsi üçün əlindən gələnləri əsirgəməyir. Bir sözlə təhsil sahəsinin inkişafı üçün hər cür şərait yaradılıbdır. Elə buna görə də kollektivin bütün üzvləri direktordan ağızdolusu söhbət açırlar.
Əldə olunan nailiyyətlərdə məktəbin dərs hissə müdiri İlahə Qasımovanın, direktor müavini Məlahət İbrahimovanın, fizika-riyaziyyat üzrə metodbirləşmənin rəhbəri Leyla Əliyevanın, metodbirləşmənin üzvlərindən Hökümə Niftəliyevanın, Qəndab Abdullayevanın da əməyi az olmamışdır.
Hər il olduğu kimi, bu ildə məktəbi bitirən məzunlardan Jalə Məmmədova 682,6 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub. Sinif rəhbəri Arzu Şahverdiyevanın şagirdlərindən Elay Hüseynov 565 balla Azərbaycan Tibb Universitetinə, Şiriyeva Aysun 585 balla Azərbaycan Tibb Universitetinə, Aytac Xudiyeva isə 554 balla Azərbaycan Dövlət Neft Şirkəti Universitetinə daxil olublar. Bağdagül Vəliyevanın şagirdlərindən Aysel Hüseynlinin, Gülçin Əzimovanın, Vaqif Babalının, Seyfullanın adlarını fəxrlə çəkə bilərik.
Leylan müəllimin şagirdlərindən 19 nəfəri ali təhsil ocaqlarına daxil olublar. Əhmədova Nəzrin 547, Kərimova Nigar 530 bal toplayan məzunlardır Onlar Prezident Yanında İdarəçilik Akademiyasına daxil olublar.
Məktəbin qabaqcıl müəllimlərindən Rəşad Haqverdiyevin (tarix müəllimi), Zeynalova Leylanın (ədəbiyyat müəllimi) və başqalarının adlarını fəxrlə qeyd etmək olar.
Onu da xüsusilə qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsində məktəbin məzunu olan şəhid İsrail Cəfərovun qəhrəmanlıq salnaməsini əks etdirən fotostendlər məktəbin foyesində düzəldilib. Hər bir şagird buradan keçəndə bir anlıq ayaq saxlayıb onun kimi vətəni sevcəyini qəlbindən keçirir və həmin qəhrəmana oxşamağa çalışırlar.
Bu təhsil ocağında 1120 şagirdin təlim-tərbiyəsi ilə 70 nəfər müəllim kollektivi məşğul olur. Bu məktəbin məzunlarının hər bir uğuruna müəllimlər və valideynlər ürəkdən sevinirlər.
Uğur üstə uğur qalayan bu təhsil ocağının kollektivinə biz də bitib-tükənməyən nailiyyətlər arzu edirik.
Ceyhun VAQİFOĞLU