Alman pedaqoqu İohan Hervard yazır: «Müəllim bilik və əxlaq verən nüfuzdur». Azərbaycan tarixini yaradan, adları yaddaş kitabına həkk olunan, ən böyük ictimai-siyasi incəsənət və mədəniyyət xadimlərini yetişdirən məhz müəllimdir.
Bu şərəfli və məsuliyyətli peşə yolunda əzmlə addımlayan Səlimova Cəmilə Camal qızı da müəllim adını şərəflə daşıyır. Onun çalışdığı Azərbaycan Dövlət Pedaqoji Kolleci qabaqcıl təhsil ocaqlarından biridir. Hər il bu təhsil ocağında həyata vəsiqə alan gənclər Azərbaycanın çiçəklənməsi naminə əllərindən gələnləri əsirgəmirlər. Cəmilə müəllim bu kollecdə 2005-ci ildən çalışır, 38 il iş təcrübəsi var. Azərbaycana layiqli bir övlad olmaq üçün yaxşı oxuduqları kimi müxtəlif sahələrdə də əzmlə çalışırlar.
Cəmilə xanım tədris etdiyi fizika fənninin dərinliklərini yetirmələrinə həvəslə öyrədir. Bir zamanlar ona da müəllimləri elmin sirlərini öyrədiblər. Yetirmələri ilə qürur duyan Cəmilə müəllim üçün 5 oktyabr yaddaqalan gündür. 5 Oktyabr Müəllim günü münasibətilə Cəmilə müəllimin timsalında bütün pedaqoji kollektivi səmimi qəlbdən təbrik edir, onlara bu şərəfli yolda uğurlar diləyirik.
Ceyhun VAQİFOĞLU