Bir müddətdir ki, mülayim keçən hava şəraitinin öz növbəsini dumanlı-çiskinli, yağışlı havalara verməsi paytaxt və paytaxtdan kənar yollarda irili-xırdalı gölməçələrin yaranmasına səbəb olub. Yaranan gölməçələrsə, təkcə avtomobil sürücüləri üçün deyil, eləcə də piyadalar üçün çətinliklər törədib. Yəqin ki, hər birimiz heç olmasa bir dəfə yağışlı günlərdə yol kənarı ilə gedərkən və ya yolu keçərkən avtomobildən sıçrayan suyu ayaqqabı, geyimimizdə hiss etmişik. Heç şübhəsiz, bizdə qəzəb doğuran bu haldan həmin sürücülər bixəbər olur.
Qeyd edək ki, yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib. Odur ki, bundan sonra sürücülər avtomobillərini idarə edərkən daha ehtiyatlı olsalar yaxşıdır, çünki piyadaların üzərinə su sıçradan hər bir sürücü 40 manat cərimə olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə və piyadalara müraciət edib. Bildirilir ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı, onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.
Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar.
“Sürücülər bu sürət həddinə riayət edərsə, nə piyadaların, nə də digər nəqliyyat vasitələrinin üzərinə palçıq sıçrayar”
Hüquqşunas Hüseyn Axundov bildirdi ki, İnzibati Xətalar Məcəlləsində bu kimi hallara qarşı məsuliyyət nəzərdə tutulub: “İstənilən halda, hava şəraiti yağmurlu olarkən sürücü sürəti hesablamalıdır ki, yoldakı su nə qədər ətrafa sıçraya bilər. Bu kimi hallara, adətən, ara küçələrdə rast gəlinir. Qanunvericilikdə o da nəzərdə tutulub ki, ara küçələrdə sürət 20 km/saat-dan yüksək ola bilməz. Çünki orada yaşayan əhalinin təhlükəsizliyi ilə bağlı “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilib ki, ara küçələrdə sürət həddi 20 km/saat-dan çox ola bilməz. Əgər sürücülər bu sürət həddinə riayət edərsə, nə piyadaların, nə də digər nəqliyyat vasitələrinin üzərinə palçıq sıçrayar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu kimi halların baş verməsinin bir səbəbi bəzi sürücülərin yol mədəniyyətinin olmamasıdırsa, digər səbəbi də yolların pis vəziyyətdə olması və müasir tələblərə cavab verməməsidir. Bunu daha çox Bakının ara küçələri haqqında demək olar. Yollarda suötürücü qurğuların olmaması, kanalizasiya sisteminin işləməməsi, asfalt örtüyünün yararsız olması, yollarda çökəklərin çox olması yağıntı sularının yığılıb qalmasına, palçıq gölməçələrinin yaranmasına səbəb olur ki, bu da piyadaların ehtiyatsız sürücülərin qurbanına çevrilməsinə səbəb olur.
Günel CƏLİLOVA