Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradıbdır: “Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə veribdir. Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır”.
Qeyd edək ki, sərəncamla bağlı fikirlərini bölüşən təhsil naziri Emin Əmrullayev bildirib ki, yaxın iki ay ərzində müvafiq proqram hazırlanaraq rəhbərliyə təqdim olunacaq: “Bu müddət ərzində aidiyyəti qurumlarla geniş müzakirələr aparılacaq. Yeni proqram kifayət qədər böyük həcmli olacaq. Bununla 10-20 nəfər yox, bir neçə yüz tələbə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil ala biləcəklər. Yeni proqramda ixtisas sahəsi üzrə yüksək reytinqə sahib olan ixtisasları, proqramları müəyyən edəcəyik”.
Maraqlıdır, azərbaycanlı gəncləri daha çox hansı ixtisaslar üzrə xaricə təhsil almağa göndərmək lazımdır?
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması ilə bağlı verilən Prezident sərəncamı böyük hadisədir: “Məlumdur ki, buna qədər Azərbaycan belə bir layihəni həyata keçirib. Prezidentin bununla bağlı 2007-2015-ci illər üçün xaricdə təhsil proqramı var idi. Bu zaman 5 minə yaxın gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulurdu. Amma 3500 nəfər göndərildi. Ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasını istəyiriksə, dünya universitetlərində təhsil almış gənclərimizə böyük ehtiyacın olduğunu görərik. O ölkələr daha sürətlə inkişaf edir ki, orada dünya reytinqli universitetlərdə təhsil alan gənclərin sayı çoxdur. Buna misal olaraq, Sinqapuru, Cənubi Koreyanı, Malaziya və digərlərini göstərə bilərik. Təəssüf ki, Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbləri və müasir standartlara cavab verən kadrlar hazırlamır. Ona görə də Azərbaycan əmək bazarında keyfiyyətli xidmətin formalaşması üçün xarici ölkələrə mütəxəssislər göndərməyə məcburdur”.
Ekspert hesab edir ki, xaricə zəruri ixtisaslar üzrə tələbə göndərməliyik. Gəncləri daha çox magistratura və doktarantura pillələrində təhsil almağa göndərməliyik: “Bakalavr təhsili üçün xaricə tələbə göndərməyə o qədər də ehtiyac yoxdur. İnformasiya texnologiyası, rəqəmsallaşma, kiber təhlükəsizliyi, yeni texnologiyalar, qida təhlükəsizliyi, kənd təsərrüfatı, cihazqayırma, maşınqayırma sahələri üzrə yaxşı mütəxəssis kadrlara böyük ehtiyacımız var. Azərbaycan özü texnoloji avadanlıqlar istehsal etməlidir ki, bunu da ancaq xaricdə təhsil alan yüksək ixtisaslı kadrlarımız edə bilər. Müəllim, təcrüməçi ixtisaslarını isə daxildə də yarada bilərik. Bu dəfə isə gənclərimizin dünyanın yalnız nüfuzlu universitetlərinə təhsil almağa göndərilməsi nəzərdə tutulur”.
Günel CƏLİLOVA