“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərin edilməsinə ehtiyac var”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin sentyabrın 30-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ölkəyə gətirilən dərman vasitələrinə çox ciddi nəzarət olunmalıdır: “Azərbaycanda bəzi sahələr üzrə dərman çatışmazlığı problemi var. Hər bir ölkənin dərman siyasəti var. Heç qardaş dövlətdə belə tanınmış dərman vasitəsini ölkəyə müvafiq prosedurlar olmadan gətirmək olmaz. Mən qanuna dəyişikliklərin edilməsini səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayevlə də müzakirə etmişəm”.
Ölkədə yaşanan dərman çatışmazlığı problemi necə həll olunmalıdır?
“Dərmanlar ölkəmizə ayrı-ayrı şəxslər, firmalar tərəfindən gətirilir, gətirilən dərmanlar müxtəlif depolara toplanır”
Həkim ekspert Rasif Bağırov bildirdi ki, bu gün ölkədə dərman çatızmazlığı yaşanır: “Nəzərə almaq lazımdır ki, dərmanlar ölkəmizə ayrı-ayrı şəxslər, firmalar tərəfindən gətirilir. Gətirilən dərmanlar müxtəlif depolara toplanır. Dərman çatışmazlığının yaşanmasının səbəbi firmalarla bağlıdır. Firmaların bu sahədə geniş, əhatəli çalışması üçün müəyyən maneələr yaradılır”.
Ekspert hesab edir ki, bu sahədə yaşanan problemin həlli üçün dərman depolarının sayı artırılmalıdır.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi zamanlarda şirkətlər bilərəkdən ölkədə dərman qıtlığı yaradır: “Dərman mafiyası” tələbatı görərək bilərəkdən qıtlıq yaradır. Bunu koronavirus infeksiyası ilə mübarizədə hər kəs görüb. Şirkətlər yoluxma sayının artdığı ərəfədə tələbat çox olan dərmanları bilərəkdən az sayda satışa verirlər. Məqsəd isə daha çox gəlir əldə etməkdir”.
Günel CƏLİLOVA