Azərbaycanın Ağdaş rayonundan olan 19 yaşlı Ayxan İsayev İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. O, döyüşlər zamanı bir ayağını itirib və hələ də müalicə alır.
Ayxan İsayev müharibə bitəndən bəri dəfələrlə xəstəxanada yatmalı olub və indi ayağına protez taxılmasını gözləyir. Lakin bugünə kimi onun ayağına protez taxılmayıb. Qazinin bildirdiyinə görə, ailəsinin maddi durumu yaxşı deyil.
“Hazırda qazinin ayağında həm mil, həm də İlizarov aparatı var, bu da onun yüksək texnologiyalı protezlə təmin edilməsinə imkan vermir”
Məsələ ilə bağlı fikir bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, qazi protezlə təmin olunacaq: “Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü İsayev Ayxan İlqar oğluna bu il iyulun 7-də Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən şəhadətnamədə qeyd olunan ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldır amputasiyası, bud arteriyasının travması diaqnozuna uyğun olaraq ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Hazırda qazinin ayağında həm mil, həm də İlizarov aparatı var. Bu da onun yüksək texnologiyalı protezlə təmin edilməsinə imkan vermir. Qazinin ayağının güdül hissəsi tam sağalaraq formalaşdıqdan sonra son nəsil protezlə təmin ediləcək. Bu barədə qazinin özü ilə də əlaqə saxlanılaraq ətraflı məlumat verilib”.
Günel CƏLİLOVA