Sentyabrın 22-dən ibtidai siniflərdə əyani tədris başlasa da, valideynlər hələ də övladlarına iş dəftəri almaqda çətinlik yaşayırlar. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı paylaşımlar edilib. Qeyd olunur ki, iş dəftərləri “Azərpoçt”un şöbələrində satılırdı, lakin hazırda əksər poçt şöbələrində bu dərs vəsaitini tapmaq mümkün deyil.
Hazırda valideynlər övladları üçün iş dəftəri tapmaqda çətinlik çəkir.
“Azərpoçt" MMC - Mehman Balabəyov: “Son bir neçə gün ərzində iş dəftərləri ilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir”
“Azərpoçt" MMC-nin mətbuat xidmətinin rəhbəri Mehman Balabəyov bildirdi ki, “Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla Respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir: “İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir. Qeyd edək ki, son bir neçə gün ərzində iş dəftərləri ilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir”.
Kamran Əsədov: “Bu sahədə yaşanan problemi həll etmək üçün hər bir poçt məntəqəsinə göndərilən iş dəftərlərinin sayı 30 faiz artırılmalıdır”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, iş dəftərlərinin çatışmazlığı problemi hər il özünü göstərən şagird yerdəyişmələri fonunda Təhsil Nazirliyi ilə “Azərpoçt” arasındakı əlaqənin zəifliyindən qaynaqlanır: “Bu problemin aradan qaldırılması üçün işi mobil şəkildə qurmaq lazımdır. Hər il müxtəlif məktəblər üzrə şagird sayında dəyişmələr baş verir. Yerdəyişmələr nəticəsində məktəbdən asılı olaraq növbəti tədris ilində şagird sayı əvvəlki dövrə nisbətən azala və ya çoxala bilər. Bakının Nərimanov, Xətai, Binəqədi, Yasamal rayonlarında şagird yerdəyişmələri daha çox olur. Bu ərazilərdə şagird artımı müşahidə olunsa da, əvvəlki sayda iş dəftəri göndərilir və bu səbəbdən hamıya çatmır. Görünən odur ki, bu məsələdə Təhsil Nazirliyi ilə “Azərpoçt”un arasında əlaqə müəyyən qədər zəifdir. Şagird sayı ilə bağlı rəqəmlər sentyabrın 1-nə qədər “Azərpoçt”a verilməlidir ki, qurum hər rayon üzrə nə qədər şagirdin məktəbə gedəcəyini bilsin”.
Həmsöhbətimiz hesab edir ki, bu sahədə yaşanan problemi həll etmək üçün hər bir poçt məntəqəsinə göndərilən iş dəftərlərinin sayı 30 faiz artırılmalıdır: “Poçtlara verilən iş dəftərlərinin və digər vəsaitlərin sayı 30 faiz artıq olmalıdır ki, belə problem yaranmasın. Belə olarsa, problem də yaşanmayacaq. Onu da nəzərə almaq lazımdır ki, ucqar kəndlərimizdə kitab satışı məntəqələri yoxdur. Məhz əlçatanlığın hər kəs üçün təmin edilməsi məqsədilə iş dəftərləri poçtlara verilir ki, bütün valideynlər bu vəsaitləri rahat şəkildə əldə edə bilsin. Kitab ləvazimatları satan məntəqələr isə, kəndlər bir yana, elə rayon mərkəzləri var ki, orada da yoxdur. Digər tərəfdən, bu işin həyata keçirilməsi ona görə poçtlara həvalə edilib ki, bəzi hallarda kitab satışı məntəqələrində iş dəftərlərinin qiymətini süni şəkildə qaldırırlar. Bir sıra hallarda isə kitab satışı məntəqələri, hətta orijinal vəsaitlərin kopyalarını çıxardıb satmaqla, orijinalı geri qaytarır”.
Günel CƏLİLOVA