Yeni tədris ili başlasa da, hələ də təmirsiz, qəzalı vəziyyətdə olan məktəblər var. Bu cür xoşagəlməz vəziyyət Xaçmazın Palçıqoba kəndindəki tam orta məktəbdə yaşanır.
Adıçəkilən kənddə yuxarı sinif şagirdləri məktəbsiz qalıb. Səbəb isə məktəb binasının bir müddət öncə yanmasıdır. Şagirdlərə dərslərin davam etdirilməsi üçün Nərəcan kənd tam orta məktəbinə getmək təklif edilib. Valideynlərin dediyinə görə, Nərəcan kəndində olan məktəb onların yaşadığı ərazidən 3 km aralıda yerləşir. Bu səbəbdən də Nərəcan məktəbinə uşaqların göndərilməsi valideynlərə çətinlik yaradır: “Qış aylarında qonşu kəndə gedib-gəlmək çətin olacaq. Avtomaşını olan valideynlər bunu etsə də, imkanı olmayanlar bunu edə bilməyəcək. Məktəbin təmiri ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, hər hansı bir cavab verilməyib. Bu vəziyyət keyfiyyətli təhsil imkanlarını məhdudlaşdırır”.
“Palçıqoba kənd məktəbi ilə bağlı əvvəldən valideynlərlə razılaşmışdıq ki, 5-11-ci sinif şagirdləri qonşu Nərəcan kənd məktəbində oxusunlar, onlar isə...”
Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev bildirdi ki, hazırda məsələnin müsbət həlli istiqamətində iş aparılır: “Palçıqoba kənd məktəbi ilə bağlı əvvəldən valideynlərlə razılaşmışdıq ki, 5-11-ci sinif şagirdləri qonşu Nərəcan kənd məktəbində oxusunlar. Onlar isə uşaqlarını ora göndərməyə etiraz edirlər. Təhsil Nazirliyi də məsələdən əvvəldən xəbərdardır. Məsələ ilə bağlı Təhsil Nazirliyinə yenidən müraciət etmişik”.
Günel CƏLİLOVA