Azərbaycanda vətəndaş cəmiyyətinin əsas institutlarından olan QHT-lərin yaranması və inkişafı ictimai sektorun formalaşmasının tərkib hissəsinə çevrilib. Ölkəmizdə “QHT” adı altında yaranan bu institutlar Azərbaycan cəmiyyətində uzun müddət birmənalı qarşılanmayaraq, bəzən müəyyən siyasi dairələrin qınaq hədəfində olublar.
Lakin xoşbəxtlikdən, bu dövr arxada qalıb və QHT-lər özlərini milli inkişafın beynəlxalq aləmdə təsdiq olunmuş ictimai funksiya və missiyalarının daşıyıcısı kimi tanıtmağa nail olublar. Bu gün Azərbaycan cəmiyyətində QHT hamı tərəfindən qəbul olunan və ictimai təşkilat olaraq dəstəklənən bir quruma çevrilib.
Bəli, bu gün ölkəmizdə çoxlu sayda QHT var. QHT-lərin bir qismi qadın zorakılığı, qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Bu QHT-lərin əsas işi zorakılığa, şiddətə məruz qalan qadınların hüquqlarını qorumaq, onlara müxtəlif formada yardım etməkdir. Etiraf edək ki, bəzi vətəndaş cəmiyyətləri bu istiqamətdə müəyyən işlər görsələr də, ancaq bu sahədə yaşanan problemlər həll olunmamış olaraq qalır. Açıqlanan statistik rəqəmlərə əsasən, son 6 ayda 33 qadın qəsdən öldürülüb.
Baş Prokurorluğun qadınlara qarşı zorakılıq halları ilə bağlı yaydığı müraciətdə deyilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır.
Qeyd edək ki, son zamanlar zorakılığa məruz qalan qadınların sayı artır. Təəssüf ki, qəsdən qətlə yetirilən qadınların da sayında artım müşahidə olunur. Araşdırmalara görə, qadın hüquqları ilə məşğul olan QHT-lərin işi bu istiqamətdə zəifdir. Ümumiyyətlə, onların işi hansısa bölgədə və ya paytaxtda qadın zorakılığı, hüquqları ilə bağlı tədbir keçirib, bunu KİV-də geniş şəkildə işıqlandırmaqdır.
Hansısa QHT sədrinə zorakılığa məruz qalan qadınlara nə kimi yardım edirsiz sualını verəndə, adətən belə cavab verirlər: “Zorakılığa məruz qalan qadına hüquqi yardım lazımdırsa, təşkilatımız tərəfindən ona bu istiqamətdə məsləhət verilir. Psixoloji yardım da göstərilir”.
Belə aydın olur ki, QHT-lərin işi ancaq sözlə yardım etməkdən ibarətdir. Bugünə kimi hansısa QHT-nin şiddətə məruz qalan qadını yaşadığı odun-alovun içərisindən çıxarmasının şahidi olmamışıq.
Qeyd etdiyimiz kimi, onların işi mediaya açıqlama vermək, zorakılığa məruz qalan qadına dəstək əvəzinə, məsləhət verməkdir. Buna görə də zorakılığa məruz qalan qadınların sayı artır.
Günel CƏLİLOVA