Lerikdə gözdən uzaq düşən dağ kəndlərində artıq insan kimi yaşamaq qeyri-mümkündür. Odur ki, rayonda gündən-günə boşalan kəndlərin indi sayı bilinmir. Başqa şeyləri demirəm, fəqət meşəsi üzünə bağlı, qazı olmayan, küləyi, yağışı, qarı bəhanə gətirib işığı kəsilən... bir yerdə yaşa görüm, necə yaşayırsan.
Ölkə rəhbəri xalqın rifahı naminə çalışdığı halda, nədənsə, Lerik kəndlisinin həyat tərzi getdikcə ağırlaşır. Respublikada bankomatların reallığı, internetin tətbiqi, tibbi sığortanın olması... mütərəqqi üsul sayılsa da, rayonun dağlıq ərazilərində yaşayan əhalini çıxılmaz vəziyyətə salıb. Yəni uzun illər həkim üzü görməyən, pul verib Lənkəranın xəstəxanalarına müalicə üçün üz tutan bir adama tibbi sığortanın nə xeyri... İndi dağ kəndlərində dərmanı elə qiymətə satırlar ki, dövlətdən aldığın 250 manatlıq bir aylıq maaş onu almağa çatmır.
Rayonda Hovil kəndi illərdir sosial ehtiyaclar məngənəsində sıxılır. Burada insanlara rahatlıq gətirən elə bir sahə yoxdur. Elə gənclərin boya-başa çatdığı doğma yurd-yuvadan perik düşməsi uzun illərin biganəliyinin nəticəsidir. Hovilin yaşlı adamları deyirlər ki, sovet dağılanı dərdimizlə maraqlanan yoxdur. Kənddə az-maz yenilik olubsa, o da hovillilərin işgüzar əməyindən irəli gəlir. Hər şey bir yana qalsın, yerli məmurlar kəndimizdən keçib gedən avtobusu da əlimizdən alıblar. İndi 30 ildən çoxdur ictimai nəqliyyatın üzünə həsrətik. Qəribədir, Azərbaycanın hər yerində ictimai nəqliyyat işləyir, təkcə Lerikdən başqa.
Bəli, Hovil camaatı sözügedən istiqamətdə daha artıq giley edir. Bir yerə çıxmaqdan ötrü olmazın əziyyət çəkirlər. Sadəcə istəyirlər ki, yoxa çıxan avtobus marşrutu yenidən bərpa olunsun. Və dinamik inkişaf yolunda olan bir ölkənin vətəndaşları kimi tezliklə bu məsələnin reallaşacağına inanırlar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü