Lerik rayonunun ucqar dağ kəndi olan Conu son illər ən ağır günlərini yaşayır. Demək olar ki, 30 ildən çox gözdən uzaq, könüldən iraq düşən kəndin indi sosial problemləri başdan aşır. Burada sovet vaxtı tikilən yaraşıqlı evlərin 60 faizinin qapıları qıfıllıdır. Conulular dədə-babadan zəhmətsevər, torpağa bağlı olsalar da, cansıxıcı həyat, biganəlik onları doğma yurd yerindən perik salıb. Fəqət, çiçəklənən ölkəmizin bir dağ kəndi fəlakət qarşısında qaldığı halda, onun dəhşətli taleyini düşünən yoxdur.
Bugünkü Conu kəndini suyu sovulmuş dəyirmana bəzətmək olar. Acınacaqlı sosial vəziyyət conuluları problemlər məngənəsində sıxır. Hər şey burada bərbad haldadır, yəni insan amili çoxdan unudulub. Bir məsələ çıxmaq şərti ilə əhali artıq bütün çətinliklərə öyrəşib. Qış kənddə sərt keçdiyi üçün yanacaq olmasa, conulular hətta evlərin içində dona bilərlər. Qabaqda olan qarlı günlərin şaxtası indidən Conuda çox adamın bədəninə üşütmə salıb. Çünki kəndə qaz çəkilməyib, meşədən ulaqla yanacaq odun daşımağa da icazə verilmir. Ağır vəziyyət meşə gözətçilərinə qaz vurub qazan doldurmağa yaxşı imkan yaradıb. Onlar istədiyi ağacı kəsə bilir və onu odun kimi çox baha qiymətə satırlar. Bunu almağa imkansız adamların isə gücü çatmır.
Conulular vəziyyətdən çıxmaqdan ötrü xalqın taleyinə məsul olan şəxslərdən xahiş edirlər ki, nə qədər gec deyil onlara icazə verilsin gedib meşədən ulaqla yıxılmış, dibi çürümüş ağaclardan gətirib özünə yanacaq tədarükü görsünlər.
Doğrudur, bu təklif meşə işçilərinə sərf etmir. Qaldı ki, bilə-bilə insanları qışın soyuğuna vermək heç insafdan deyil...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü