İyun ayında Azərbaycanda həm mobil, həm stasionar internetin sürətinin artdığı bildirilir. Bu barədə internet sürətini ölçən “Ookla” analitik şirkətinin təqdim etdiyi “Speedtest Global Index”-də bildirilir.
Qeyd olunur ki, bu ilin iyununda Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrinə giriş internet trafikinin sürəti 37,11 Mbit/s təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 2,1 faiz artıb. Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürətinin isə 14,97 Mbit/s olduğu vurğulanır.
Hesabata görə, bu göstərici üzrə 137 ölkə arasında Azərbaycan 66-ci yerdə qərarlaşıb.
Qeyd olunan nəticələrə əsasən, hesabatda sabit internetin sürəti ilə bağlı reytinqdə də Azərbaycan 3 pillə irəliləyərək 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb.
Stasionar internetin qiymətinə gəlincə, Azərbaycanda 100 mbit/s internetin də 44,64 dollar olduğu bildirilir. Eyni həcmli internetin Ukraynada 6,18 dollar, Rusiyada 7,68 dollar, Belarusda 12,96 dollar, Türkiyədə 30,09 dollar, Gürcüstanda isə 33,79 dollar olduğu qeyd edilir. Hesabatın son bölümündə Azərbayanda internetin qiymətinin qabaqcıl ölkələrlə müqayisədə baha olduğu açıq şəkildə göstərilir. Maraqlıdır, hazırda Azərbaycanda internetin sürəti qiymətinə görə uyğundurmu?
“Problemin kökü daha çox qiymətlərin bazar tərəfindən müəyyənləşməməsi və bazarda dövlət provayderlərinin xüsusi çəkisinin təxminən 50 faizdən yuxarı olması ilə bağlıdır”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, Azərbaycanda uzun müddətdir ki, internetin keyfiyyəti və qiyməti ilə bağlı problem var: “Dövlət başçısı səviyyəsində də deyilib ki, Azərbaycanda internet yüksəksürətli deyil. Bu hüquqi sənədlərdə də öz əksini tapıb. Problemin kökü daha çox qiymətlərin bazar tərəfindən müəyyənləşməməsi ilə bağlıdır. Bazarda dövlət provayderlərin xüsusi çəkisi təxminən 50 faizdən yuxarıdır. Dövlət provayderlərin xüsusi çəkisi yüksək olanda “qiyməti bazar müəyyən edir” demək doğru olmazdı. Deməli provayderlərə tabe olduqları dövlət qurumları tərəfindən müəyyən göstərişlər verilməlidir ki, qiymət tənzimlənsin. Əvvəlki rəhbərliyin dövründə genişzolaqlı internet çəkilmək üçün vacib olan resurslardan, yəni yerin altındakı kabel-kanalizasiyadan yalnız dövlət operatorlarının istifadəsinə icazə veriblər. Amma nazirliyin yeni rəhbərliyi elan edib ki, bu inhisarçılığa son qoyulacaq və bu proses yeni başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öz provayderləri var. Onu da nəzərə almaq lazımdır ki, özəl provayderləri də var. Amma kənardan onlara müstəqil, bərabər səviyyədə baxacaq tənzimləyici qurum yoxdur. Həmin qurum bütün provayderlərə eyni əmrlər verir, eyni olan qərarlar verir. Prezident İlham Əliyev yeni naziri qəbul edən zaman tənzimləmənin, korporativ idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini demişdi”.
Günel CƏLİLOVA