…Bizim xalqımız tarixlər boyu yadelli işğalçılara qarşı mərdliklə mübarizə aparıb, yurdumuza, ellərimizə, obalarımıza göz dikənlərin layiqli cavablarını vermişik. Havadarlarının köməyi ilə üstümüzə şığıyıb gələn düşmənlə son damla qanadək döyüşmüşük. Yəni, düşmən qabağından dönmək bizə yaraşmayan sifətdir: ya üstümüzə ayaq açan bədxahlara qarşı qılınc çəkib döyüşməli, qalib gəlməli, qazi olmağa hər zaman hazır olmalıyıq, ya da öz qeyrətimiz, namusumuz, torpağımız uğrunda şəhid olmalıyıq. Bu, ulularımızdan bizə yetən ən böyük nəsihət və öyüddür...
...Həyatda qəhrəmanlıq, şücaət göstərmək məqamı kifayətdir. Bunun üçün isə ürək lazımdır, döyüş əməliyyatlarının ən qızğın məqamlarında ağıl-düşüncə, götür-qoy etmək lazımdır. Elə məqam yaranır ki, həmin anda düşüncə ilə hərəkət etsən artıq qəhrəmana çevrilirsən... İkinci Vətən müharibəsində məhz Azərbaycanımızı Vətən cəfakeşini ulularımızın öyüd-nəsihətlərinə əməl edərək, ağıl və düşüncə ilə döyüşə atılıblar və məqsədlərinə nail olublar...
...Azərbaycanla Ermənistan arasında 27.09.2020-ci il tarixində başlanan və 44 gün dava edən savaşda bizim hərbiçilərimiz hansı hünərlər göstərmədilər...
...Həmin gün danışılacaq, xatırlanacaq, igidliklər, qəhrəmanlıqlar İkinci Vətən müharibəsində belə hünərlər göstərən, tarix yazanlarından biri də Zaqatala rayonunun Qımır kəndinin 3-cü şəhid oğlu Musa Nüsrət oğlu Nuhiyevdir növbəti yazı-oçerkimin qəhrəmanı...
...Etiraf edim ki, Musa haqqında, onun döyüşlərdə göstərdiyi mərdliklərlə yanaşı, xoş xasiyyətin, gənc olmasına baxmayaraq uzaqgörənliyindən, ağıllı olmasından, böyüyün, kiçiyin hörmətini qazanmasından, mehribançılığından və nəhayət onunla çiyin-çiyinə vuruşmuş döyüşçülərin Musanın necə qorxmaz, etibarlı, düşmənin gözlərinə od püskürən olduğundan danışırlar...
Həm də Azərbaycanımızın bütövlüyü uğrunda ömrünün bulaq kimi çağlayan vaxtı İkinci Vətən müharibəsində həlak olan 23 yaşlı Musa Nüsrət oğlu Nuhiyev Qımır kəndinin, hətta Zaqatalanın bütün gəncləri sayılıb-seçilmiş bu igidlə fəxr və onun göstərdiyi igidliklərə qibtə edirlər...
...Onun haqqında ətraflı məlumat toplamaq üçün Qımır kəndində olanda, kənd sakinləri bildirdilər ki, “Bizim gənc qəhrəmanımızın, qürurumuz Musa Nüsrət oğlunun yaşadığı ev kəndin mərkəzindəki ziyarətgah – qəbristanlığı, məscid olan küçədədir...
...Nuhiyevlərin yaşadığı döngəyə çatanda, üstündə üçrəngli al bayrağımız dalğalanan darvazanı görəndə öz-özümə “yəqin ki, şəhidin dünyaya gəldiyi ev budur...” fikirləşdim. Yanılmamışdım... Çöl qapıda məni şəhidin atası Nüsrət kişi qarşıladı. Həyətə daxil olanda, yenə də o gözəlliyin, səliqə-səhmanın, yaşıllığın və gül-çiçəyin şahidi oldum. Nuhiyevlərin yaşadığı kürsülü, sadə, ortabab təmirli evə yaxınlaşanda, Nüsrət kişi həyətə girəndən bəri bizi qəmli-qəmli süzən boz rəngli iti göstərərək dedi: “Musanın itidir. O şəhid olandan sonra eyni açılmır, gözlərini daima darvazaya zilləyir, elə bil kimisə gözləyir... gecə düşəndə isə zingildəyir. Musa həmişə sevimli atıyla meşəyə gedəndə it də daima onun yanından əl çəkmirdi... İndi isə mən oğlumun qəbrinin üstünə ziyarətə gedəndə it də mənimlə gəlir, oğlumun qəbrinin yanında onun şəklinə baxaraq gözlərinin yaşını axıdır... Gör necə etibarlı heyvandır. Hələ oğlumun bir köhlən atı vardı – ölümündən bir neçə gün əvvəl yoxa çıxdı və bir daha qayıtmadı... Bu elə bil oğlumun şəhid olmasına bir işarə idi... bir az fikrə daldı – eyvana çıxınca əvvəl siqareti yandırdı və fikirli- fikirli: “oğlum Musa bu pilləkənləri qaça-qaça çıxardı”. Sonra üzünü eyvanın kəndarında dayanıb bizi qarşılamağa hazırlaşan həyat yoldaşına tutub: “Arvad, bu yoldaş jurnalistdir, Elman müəllimdir, oğlumuzun keçdiyi qısa, şərəfli ömür yolunu işıqlandırmağa gəlib. Eyvanın tən ortasındakı iri masanı əli ilə göstərərək: “qoy Elman müəllim otursun, mən də siqareti söndürüb, qalxıram yuxarı...”
Şəhidin anası məni qarşılayanda: “Musanı, məni, bacısını kim sayıb gəlirsə, onun gəldiyi ayaqlarına qurban olum. Görün mənim şəhid oğlum necə hörmətli olub, qəhrəmanlıqlar göstərib ki, jurnalistlər də oğlum haqqında maraqlanırlar. Şəhid balalarımıza, içi Musa olmaqla yanaşı, dastanlar, romanlar, xatirələr nə qədər yazılsa da, mahnılar bəstələnsə də, yenə də azdır... Çünki indi azadlıqda olan, gəlin-gəlin deyən Qarabağ torpaqlarımız onların qanı ilə yoğrulub, bizim mərd oğullarımızın ayaq izləri erməniləri darmadağın edərək, təmizlənmiş həmin torpaqlara ləpir salıblar, tarixi izlər qoyublar, o bədxah qonşular bir daha dilə gətirə bilməzlər ki, cənnət Qarabağımız Hayıstanın tərkib hissəsidir. Qurban olum Sizlərə, Siz də yaxşı bilirsiz və görmüsünüz, dəfələrlə yazmısınız. Erməni daşnakları azmı zülüm veriblər, işgəncələr, qətlmanlar törədiblər Azərbaycanımızda. Günahsız qanlar töküb, ellərimizi, obalarımızı viran qoyublar, talan ediblər. Tarix boyu ancaq bağışlanmaz düşmənçilik ediblər... Görəsən bu xainlər anlamayacaqlarmı?!.. Ay qaniçən düşmən, bəsdir bizim gül balalarımızı qırdız, biz anaların qəlblərini sındırdınız, ürəklərimizə yara vurdunuz, bizi qara libasa bürüdünüz...” bu sözlərlə söhbətə başladıq.
Şəhid anası doluxsundu, göz yaşlarını saxlaya bilməyib dedi: “...Qardaş, ürəyim doludu, oğlum haqqında xatirələr qalaq-qalaqdır. Doğrudan da təsadüflər reallıqdır. Taleyin qismətinə bir baxın... nəslim, köküm Qarabağlıdır. Ağdam rayonunda doğulmuşam... Şəhid oğlumun mərd döyüşçüləri düşməndən azad etdikləri dədə-baba yurdlarımızdır. Mənim Vətən xilaskarım da Ağdamda şəhidlik qazandı – Ağdam rayonunun Hüsənli kəndində.
Şəhid Nuhiyevlər ailəsi ilə tanışlığım elə kəndə qədəm basandan başladı. 2 övlad – bir oğul və bir qız atası olan Nüsrət kişi sakit təbiətli, qabarlı əllərinin zəhməti ilə ailəsinə çörək qazanan insandır – dedilər Qımır kəndində... Onun həyat yoldaşı Ağdam rayonundandır. Zaqatala rayonunun Qımır kəndinə gəlin gəlib.
...Bir oğul – Musanı, bir qız Gülnarı böyüdüblər. Ağıllı, kamallı, Vətənə bağlı, uzaqgörən və elin gözündə ucalan qardaş-bacı...
...Musa Nüsrət oğlu Nuhiyev – 02.10.1998 –ci il tarixində Zaqatala rayonunun Qımır kəndində dünyaya gəlib. Kənddəki şəhid İsgəndər Məmmədovun adını daşıyan tam orta məktəbin 2006-cı ildə müvəffəqiyyətlə bitirib, 2007-ci ilin oktyabr aynda isə Naxçıvan Muxtar Respublikasının Sərhəd Qoşunlarına xidmətə çağırılıb...
...Artıq Musanın bacısı Gülnar da işdən qayıtmışdı...
Atası Nüsrət kişi: “Onlar bir-birinə çox bağlı idilər. Uşaqlıqdan bir yerdə olardılar. Can deyib, can eşidərdilər... İş mövsümündə mənimlə bağlara-bağçalara, tarlaya həvəslə gedərdilər, böyüdükcə onlar daha da saflaşdılar, oğlum həmişə deyərdi ki, “ata, mən böyüyəndə hərbçi olacağam, özü də əlaçı, qorxmaz... hərbçi, döyüşçü və düşməni məhv etmək qabiliyyətinə malik, sərrast atıcı... Qızım belə deyərdi, mən tibb bacısı olacağam və əsgərlərimizi sağaldacağam...”
Bəli, Musa və Gülnar böyüdülər, böyüyüb ərsəyə gəldilər, pərvazlandılar.
Onu da bildirək ki, Nuhiyevlər İki Vətən savaşında 2 şəhid verib. Birinci Qarabağ savaşında şəhidin atası Nüsrət kişinin əmisi oğlu haqq dünyasına qovuşub. Aldığım məlumata görə, həmin şəhid Elşənin adını daşıyan qardaşı oğlu Elşən isə İkinci Vətən müharibəsində döyüşlərin birində ağır yaralanaraq qazi olub. Bu müharibələr Nuhiyevlər nəslinə çox yaralar vurub...
Şəhidin bacısı Gülnar çox narahat görünürdü, hiss olunurdu ki, qəlbi söz boğçasıdır... “Mənə izn versəydilər, kəndimin hər tərəfində, girəcəyində, Zaqatala şəhərində heykəllər qoyardım bizim yolumuzda həlak olan, al qanı ilə adını tarixə yazdıran mənim şirinim, şəkərim qaqaşım Musa və digər şəhidlərimiz üçün... Bizi özündən doydurmadan getdi, həsrətdə, intizarda qoydu, gözümüzü yollarda, qulağımızı səsdə qoyub getdi... Arxasınca su atdıq, lakin qayıtmadı, öz ayaqları ilə dönmədi, çiyinlərdə, tabutda döndü mənim əziz qaqaşım Musa, ay Elman müəllim” deyərək söhbətini davam etdirir: “Bir qardaş, bir bacı idik, sanki bizə göz dəydi, fələk bizi ayırdı, hər həyətimizdəki balaca itimiz zingildəyəndə, küçədə at kişnərtisi eşidəndə elə bilirəm ki, mənim Musa qaqaşım gəlir. Onun hobbisi uşaqlıqdan at belində iti ilə birlikdə bağları, bağçaları çölləri gəzmək, seyr etmək idi... Kəndimizin yanındakı çaylardan, göllərdən balıq tutmağı da xoşlayardı. Həm də qardaşım təsərrüfatcıl, zəhmətsevər adam idi. Torpağa bağlı, təbiəti sevən idi bizim Musamız...
Əziz qardaşımdan günlərlə, aylarla danışsaq da qardaşımızın 23 illik ömür yolundan, hələ hərbidəki uğurlarından, Vətən müharibəsində göstərdiyi şücaətlərdən, döyüş yoldaşlarının ən ağır döyüşlərdə necə xilas etməsindən söhbət açsaq vaxt yetməz...
...Cəmi 23 il yaşamış Musa Nuhiyevdən 3 yaş böyük olan bacısı Gülnar danışdıqca Musanın atası Nüsrət kişi, anası Laləzar xanım, bizim söhbətimizdə iştirak edən Zaqatala Rayon İcra Hakimiyyətinin Qımır kənd üzrə ərazi nümayəndəliyinin məsul əməkdaşı Ramil Həsənov və həmsöhbəti olduğum mən də kövrəlməyə bilmirdik... Şəhid bacının qəlbi sanki od tutub yanırdı, para-para olmuşdu, yeganə qardaşını itirən bacı ürəyi necə dözərdi, necə tap gətirə bilərdi?! Bu şəhid bacısını anlamaq çətin deyildi... zərif, gözəl, incə, hələ də intizarla qardaşının yolunu gözləyən Gülnar xanımı..!
...Nəhayət, şəhid atası Nüsrət kişi dilləndi: “Oğlum Musa həqiqi hərbi xidmətini 03.10.2016 –cı il tarixindən 05.04.2018 –ci il tarixinədək Naxçıvan Muxtar Respublikasında Sərhəd Qoşunlarında Nehrəm kəndində nümunəvi xidmət edib. Hərbi xidmətdə olanda Ermənistanla sərhəddə sərhəd pozucularının, təxribatlarının, hücumlarının və silahlı basqınların qarşısının alınmasında fədakarlıq göstərib. Nümunəvi xidmətə görə dəfələrlə mükafatlandırılıb, təşəkkürnamələr alıb, hətta məzuniyyətə də buraxılıb. Musa əsgərlikdə hərbi silahların və texnikaların sirrlərini də dərindən öyrənib. Hərbi sahəyə meyli daha da artıb. O, həqiqi hərbi xidməti uğurla başa vurduqdan sonra müddətli hərbi xidmətdə qalmaq üçün Müdafiə Nazirliyinə müraciət edərək, müəyyən müddətdən sonra hərbi qulluqçu kimi fəaliyyətə başlayıb...”
Vətən fədaisinin ailə üzvlərindən öyrəndim ki, o əvvəlcə MN-nin Tədris-Təlim Mərkəzində təkmilləşmə təhsilini alıb və bir neçə dəfə təlimlərdə iştirak edib. Sonra o, MAXE kimi Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluqçu olaraq hərbi xidmətə başlayıb. Namusla, Vətən eşqi ilə ön cəbhə xəttində... düşmənin gözünə dik baxa-baxa...
Zaqatala RİH–nin Qımır kənd üzrə ərazi nümayəndəliyinin məsul əməkdaşı Ramil Həsənovun söhbətimizə qoşularaq, baş çavuş Musa Nuhiyev barəsində belə dedi: “İndi şəhidlik zirvəsini fəth edən, kəndimizin fəxri olan Musa, hələ hərbidə qulluq edəndə də inadkar, sağlam düşüncəli, mərd, mətanətli, qəlbi Vətən sevgisi ilə, şirin arzularla aşıb-daşan gənc idi. Onun xidmət etdiyi hərbi hissədəki qulluqçular Musa ilə fəxr edirdilər. “Onunla biz ölümə getməyə də hazırıq. Çünki o, saf qəlbli, Zaqatalanın mərd oğludur, canımızdır” deyərdilər. Mürəkkəb hərb sahəsinin seçimində yanılmamışdı. Musa digərlərinə nümunə olan hərbi qulluqçu olmaqla yanaşı, həm də yaxşı atıcı, sərrast minamyotçu olub. İkinci Vətən müharibəsindən əvvəl doğmalarının yanından gələndə danışardı ki: “qarşımızda böyük imtahanımız var, o imtahanı əla versək, rahat olarıq...” Musanın nəyə işarə vurduğunu çox yaxşı başa düşürdük. 27 sentyabr 2020-ci il tarixində başlanan Ermənistan-Azərbaycan müharibəsinin ilk günündən Musa Nuhiyev ağır döyüş əməliyyatlarında iştirak etdi və əsl qəhrəmanlıq göstərdi. O, atıcı kimi silahlı düşmənin onlarla hərbi texnikasını və canlı qüvvəsini də məhv etdi, dəfələrlə ağır yaralanan döyüşçülərimizi də xilas edib və hospitallara yola salıb. Musa Nuhiyev müharibə başlayandan bölük komandiri olub... Onun bölüyündə də özü kimi dəyanətli, cəsur hərbçilər xidmət edib, düşmənə “vay” veriblər... Bəli, Musanın ömür yolu az olsa da, o, amansız, göylərdən od ələyən müharibədə böyük şücaət göstərib və torpaqlarımızın düşməndən azad edilməsində böyük hünər sahibi olub.
Əlbəttə ki, zəfər qələbəsi qazanılmasında, müharibədə neçə-neçə igidlərimizin qanı töküldü, şəhadətə-əbədiyyətə qovuşdular, qazi oldular... neçə-neçə gələcək nəslin dəfələrlə oxuyacağı dastanlar yaratdılar – Qımır kəndinin qüruru Musa Nuhiyev kimi... Onlar bizim ulu torpaqlarımızı düşməndən azad etməklə yanaşı, üç rəngli al bayraqlarımızı da torpaqlarımıza sancaraq torpaqlarımıza təzə bəfəs verdilər. Bizim mərd igidlərimizin can qoyub, xilas etdikləri torpaqlarımızda cənnətə çevriləcək və şəhidlərin ruhları isə daima pərvazlanacaqdır...
Şəhid bacısı Gülnar xanım deyir ki, Musagilin tabor komandiri olmuş, 2016 -cı ilin aprel döyüşlərinin fəal iştirakçısı olmuş və Qax rayonunun Lələpaaş kəndindən olan tcrübəli zabit Aqil Ömərov onlarda olarkən Musa Nuhiyevin göstərdiyi şücaətlərdən, keçdiyi hərb, döyüş yolundan ürək dolusu ilə danışmışdı...
Xatırlama: Nuhiyev Musa Nüsrət oğlu hərbi qulluqçu kimi xidmətə Ağdam rayonunun Təzəkənd kəndindən başlayıb. Hüsənli kəndində xidmətini davam etdirib. Onun döyüş yolu isə Ağdam rayonundan başlayıb, Suqovuşan, Füzuli, Xocavənd döyüşlərində mərd-mərdanə döyüşüb, yenidən Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib, elimizin qəhrəman oğlu! Sağ qalan döyüşçü yoldaşlarının bildirdiyinə görə, Musa Nuhiyev sərrast, tərbiyəli minamyot atıcısı olmaqla yanaşı, həm də bacarıqlı kəşfiyyatçı olub. Düşmən artilleriyası fasilə verən kimi Musa kəşfiyyatçılara qoşularaq düşmən mövqelərini tam dəqiqləşdirilməsində hərəkət edirdi. Müəyyənləşdirildikdən sonra isə mövqelərin atəşə tutulmasında birbaşa iştirak edir, düşməni darmadağın edirdilər...
Cəsur döyüşçümüzün son döyüşü 16 oktyabr 2020 –ci il tarixində oldu...
Bildirirlər ki, həmin gün səhər saatlarından düşmən qüvvələri artilleriya silahları, iri çaplı avtomat və pulemyotlarla Ağdam rayonunun Hüsənli kəndindəki və digər mövqelərimizi dayanmadan atəşə tuturdular. Mərmi, top yağdırırdılar. Həmin döyüşün qızğın məqamında isə düşmənlərin hərbi kəşfiyyat vertolyotu bizim mövqelərimizə daxil olur. Döyüşçülərimizin komandiri olmuş Şamil Əliyevin əmrindən sonra Musa və digər minamyçularımız ermənilərin vertolyotunu vurub yerə salıblar. Düşmən texnikasının məhv edilməsində 120 min minomyotun sərrast atıcısı Nuhiyev Musa xüsusi şücaət göstərirdi... Amma daha da azğınlaşan erməni daşnakları döyüş əməliyyatının apardığı əraziyə daha çox silah tuşlayaraq mərmilər yağdırırlar. Düşmənlərlə yanaşı, həmin döyüşlərdə bizim tərəfdə xeyli itki verir, bu, Musa və onun silahdaşları üçün son döyüş olur... Onun döyüşçü yoldaşlarının çoxu ağır yaralanır, Musa Nuhiyev isə aldığı qəlpə yaralarından qəhrəmancasına həlak olub. Şəhidlik zirvəsini fəth edib. Həmin döyüş əməliyyatı zamanı ən ağır yaralananlardan biri də Musa ilə çiyin-çiyinə döyüşən Şəmkir rayon sakini Qoca Namazov olub. O, həmin qızğın döyüşdə hər iki ayağını itirərək döyüş meydanında qoyub...
...Söz yox ki, Musanın silahdaşları onların qanını yerdə qoymayıb, qisasını alıblar, düşmənə qan uddurub və onların üzərində qələbə çalıb... Zəfər, şanlı qələbə...
Bütöv Azərbaycanın xilaskarı olmuş, tarixi torpaqlarımızın azad olunmasında xüsusilə fədakarlıq göstərmiş Musa Nüsrət oğlu Nuhiyev 16 oktyabr 2020 –ci il tarixində Zaqatala rayonunun Qımır kənd qəbristqanlığındakı Şəhidlər Xiyabanında son mənzilə yola salındı. İctimaiyyət nümayəndələrinin, hərbçilərin, böyüklü-kiçikli rayon sakinlərinin və vətənpərvərlərin iştirakı ilə...
...Düzdür, bir bacının, bir qardaşı – namus, qeyrət, əsl vətəndalıq, qəhrəmanlıq, ucalıq - əbədiyaşarlıq simvolu olan şəhid Musa Nuhiyev insanların qəlbində daima yaşayacaq. Onun göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillər tərəfindən öyrəniləcək. Vətənə “Can” deyənlər isə heç vaxt ölməyəcək.
Həsrətlə gözlədik bizlər yolunu,
Açdı qara torpaq sənə qolunu.
Qoyarkən məzara şəhid oğlunu,
Axdı gözlərindən yaşı ananın.
Ölkə başçısının sərəncamı ilə Musa Nüsrət oğlu Nuhiyev “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd: Vətənimizin, torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşan Mua Nüsrət oğlu Nuhiyevin uyuduğu əsl qəbirdən başqa, onun son döyüşdə olduğu, şəhid olduğu yerdə Ağdam rayonunun Hüsənli kəndində döyüşçü yoldaşları simvolik olaraq qəbir qazıblar. Həmin qəbirdə isə Musanın həlak olarkən tökülən qanı və Qocanın döyüş meydanında qalan ayaqları “uyuyur”.
Elman MALIYEV Azərbaycan Jurnalistlər Birliyini üzvü