Alimlərimizin hansı əzablardan, həm də kağız-kuğuz və bürokratiya əzablarından keçərək elmlər və ya fəlsəfə doktoru olduqlarını bilmək üçün hörmətli tarixçi alimimiz, tarix üzrə elmlər doktoru, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlının son dərəcə səmimi məqaləsini oxumağı tövsiyə edirik. Bu sadəcə məqalə yox, alimlərimizin yaşadığı iztirab və işgəncələrin real mənzərəsidir.
Başa düşürük ki, alim olmaq istəyən əziyyət çəkməlidir. Ancaq elmi axtarışların şirin əzabları başqa, kağız-kuğuzun və bürokratçılığın iztirabları başqa. Olmazmı ki, alim elə tək elmi axtarışların əzablarını yaşasın və ya bütün gücünü, enerjisini bürokratik əngəlləri aşmağa sərf edən adamın əsl alimliyə sərf edəcəyi enerji qalacaqmı?! Bir sözlə, oxuyun, Məhərrəm müəllim çox insanların “ürəyindən tikan çıxardan” şeyləri yazıb.
Başqa bir sual da var. Özü bu qədər gərəksiz iztirablardan keçərək alim olan kəs “öz yükünü təpə başına yığandan sonra” başqalarının asan mexanizmlə alim olmasına imkan verəcəkmi? Bizcə, çətin ki, icazə versin. “Məndən artıq deyil ki?! Mən bu zülmü yaşadımsa, o da yaşamalıdır” düşüncəsi hələ çox maneə olacaq.
Bəlkə elmi işləri müdafiə prosesini Azərbaycanda və keçmiş sovet sistemində elmi ad almış adamların inhisarından tam çıxarmaq daha düzgün olardi?
Beləliklə, Məhərrəm Zülfüqarlının məqaləsini oxumağa başlayaq.
Azərbaycan hazırda pandemiya və müharibə vəziyyəti ilə əlaqədar çox ciddi problemlərlə üz-üzədir. Azərbaycan Ordusunun apardığı Vətən müharibəsi nəticəsində qəhrəman əsgərlərimiz torpaqlarımızı işğaldan azad edirlər. Buna bütün vətəndaşlar kimi biz də sevinir, qürur hissi keçiririk. Bu çətin şəraitdə digər problemlərdən yazmaq bir qədər çətin olsa da, Vətənimizin gələcək inkişafı üçün bunları etməyə borcluyuq.
Azərbaycanda mövcud problemlərə baxmayaraq, təhsilə və elmə maraq daim yüksək olmuşdur. Elmi dərəcə və elmi ad daşıyan insanlara cəmiyyətdə daim hörmətlə yanaşılmışdır. Azərbaycan alimlərinin sovet dövründə əldə etdikləri nailliyyətlər barədə elmi ədəbiyyatda çoxlu sayda faktlara rast gəlmək olar. Dövlət müstəqilliyinin bərpasından sonra bu sahədə müsbət irəlləyişlərin və güclü inkişafın olacağı gözlənilsə də, təəssüf ki, bu ümidlər hələlik özünü doğrultmur.
Adətən elmi tədqiqatlarla məşğul olanlar öz aralarında mövcud problemləri geniş müzakirə etsələr də, problemlərdən odlu-alovlu danışsalar da, rəsmiyyətə gəldikdə özlərini zərbə altında qoymamaq üçün bu barədə susmağa üstünlük verirlər. Xüsusilə bir çoxları müdafiə edəndən sonra problemlərdən danışmamağa üstünlük verir. Çünki onların əksəriyyəti yeni mərhələdə hansısa vəzifəyə seçilmək və ya təyin olunmaq istəyi ilə yaşamağa başlayır.
Dövlət müstəqiliyinin bərpasından sonra keçən 29 ilə aid olan məlumatların müqayisəsi ilə oxucuları yormamaq üçün, Azərbaycan Dövlət Statistika Kömitəsinin rəsmi saytında 2019-2020-ci illərə aid məlumatlar öz əksini tapmadığından, 2015-2018-ci illərə aid olan son məlumatların müqayisəsini aparmağı lazım bildik.
Müqayisə nəticəsində alınan mənzərə ürəkaçan olmasa da, bunları ictimaiyyətin diqqətinə çatdırmaq, vəziyyətin bu hala gəlməsinin obyektiv və sübyektiv səbəblərini nəzərdən keçirmək, mövcud vəziyyətdən çıxmaq üçün yollar aramaq, problemlərin aradan qaldırılması üçün tövsiyyələr hazırlamaq olduqca vacibdir. Oxuculardan xahişimiz budur ki, aşağıda qeyd edəcəyimiz yorucu faktlara görə bizi deyil, bunları “kəşf etmiş” insanları qınasınlar və bu taleyüklü problemin aradan qaldırılmasına öz mənəvi dəstəklərini versinlər.
Azərbaycan Dövlət Statistika Kömitəsinin rəsmi saytında aşağıda verilmiş cədvələ görə, 2015-ci ilə nisbətən 2018-ci ildə elmi tədqiqatçıların sayı 2.025 nəfər azalıb. O cümlədən, elmlər doktorlarının sayında 119 nəfər, fəlsəfə doktorlarının saynda isə 395 nəfər azalma müşahidə olunub. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 2018-ci ilin avqustunda edilmiş islahatlar və pandemiya ilə əlqaqədar 2019-2020-ci illərdə elmi dərəcə və elmi ad alanların sayında heç bir artım olmadığını nəzərə alsaq, problemin daha ciddi olduğunu qeyd edə bilərik. Bura son iki ildə xarici ölkələrə getmiş və vəfat etmiş alimləri də əlavə etsək, alimlərin sayının daha çox azaldığının şahidi olarıq.
Elm üzrə əsas göstəricilər (ilin sonuna)
Göstərici
2015
2016
2017
2018
Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı (ədəd)
141.0
135.0
137.0
133.0
Tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı (ali məktəblərin elmi pedaqoji işçilərinin sayı daxil olmaqla) (nəfər)
23093.0
22527.0
20580.0
20179.0
Tədqiqat və işləmələri yerinə yetirən və elmlər dərəcəsi olan elmlər doktorlarının sayı (ali məktəblərin elmi pedaqoji işçilərinin sayı daxil olmaqla) (nəfər)
1534.0
1476.0
1414.0
1415.0
Tədqiqat və işləmələri yerinə yetirən və elmlər dərəcəsi olan fəlsəfə doktorlarının sayı (ali məktəblərin elmi pedaqoji işçilərinin sayı daxil olmaqla) (nəfər)
6532.0
6296.0
6243.0
6137.0
Vəziyyətin bu cür acınacaqlı həddə çatmasının fikrimizcə obyektiv və subyektiv səbəbləri vardır.
Obyektiv səbəblər:
- maddi stimulun, maddi həvəsləndirmənin aşağı səviyyədə olması;
dissertasiya müdafiəsi üçün tələb olunan çoxlu sayda yerli və xarici nəşrlər, monaqrafiya, dərsliklər üçün vəsaitin çatışmazlığı;
- elmi dərəcə alan şəxslərin iş tapmaq imkanlarının məhdud olması;
- işləyən elm adamlarının əmək haqlarının aşağı olması, bu səbəbdən işləmək üçün alimlərin xarici ölkələrə miqrasiyası;
- elmi dərəcə aldıqdan sonra əmək haqlarına çox az məbləğdə əlavələrin edilməsi ( fəlsəfə doktorlarına 60 manat, elmlər doktorlarına 40 manat);
- AMEA və universitetlərdə çalışan alimlərə elmi tədqiqat işləri aparmaq üçün lazımi şəraitin yaradılmaması ( Bəzi şöbələrə ayrılan otaqlarda nəinki elmi araşdırmalar aparmaq, adi oturmaq üçün yerlər çatışmır);
- alimlərin sosial problemlərinin həllinə az diqqət ayrılması;
- alimlərin mənzil problemlərinin həlli istiqamətində bir sıra neqativ halların olması;
- alimlərin yaradıcılıq imkanlarının artırılması, səhətlərinin qayğısına qalınması, məzuniyyətlərinin səmərəli təşkilində həmkarlar təşkilatlarının yarıtmaz fəaliyyəti və s.
Bu cür obyektiv səbələrə baxmayaraq, Azərbaycanda elmi tədqiqat işlərinə həvəs göstərən fədakar insanlar yenə də kifayət qədərdir. Lakin onların bu həvəsini subyektiv amillər get-gedə öldürür və buna görə də həmin fədakar insanların bir çoxu elmi işlərini yarımçıq qoyaraq başqa sahələrə üz tutmağa məcbur olur. Belə subyektiv amillər və ya səbəblər isə ildən-ilə azalmaq əvəzinə artmaqda davam edir.
Subyektiv səbəblər:
- tədqiqatçılar üçün yaradılan süni maneələrin, bürokratik əngəllərin ildən-ilə artırılması;
- elmi dərəcə və elmi adların alınması üçün qoyulan şərtlərin ildən-ilə sərtləşdirilməsi;
- bu sahədə şəffaflığın aşağı səviyyədə olması, neqativ halların mövcudluğu;
- tədqiqatçıların hüquqlarının qorunması sahəsində mexanizmlərin həddən artıq zəif olması;
- uzun illər əziyyətlə yazdıqları dissertasiyaları zərbələr altında qoymamaq üçün öz hüquqlarını tələb etməkdən həmin insanların çəkinmələri və s.
Elmin inkişafına mane olan obyektiv və sübyektiv səbəblər daha bir problem ortaya çıxarır. Bu da dolayı yollarla elmi dərəcə və elmi ad alanlardır.
Tədqiqatçılara əngəl “saxta alimlər” və “məmur alimlər” problemi
Azərbaycanın elm və təhsilin inkişafında əsas əngəllərdən biri dissertasiya işini özü yazmayan və ya yazmağı bacarmayan, başqalarının yazdığı elmi işlərin hesabına elmi dərəcə alan inkanlı şəxslərdir. Bunlardan əlavə, dövlətdə tutduqları yüksək vəzifələrdən sui-istifadə edərək bu mənsəbə yüksəlmiş “məmur alimlər” də elmin inkişafında mühüm maneədirlər. Yəni elmi dərəcə və elmi adların alınması sahəsində mövcud çətinlikləri həqiqi elm adamları keçə bilmədikləri halda, imkanlı və vəzifəli şəxslər bunu asanlıqlara keçərək halal işə saxtakarlıq qatırlar. Düzdür, məmurların elmi iş müdafiəsinə müəyyən qadağalar olsa da, bu qadağalara məhəl qoymayıb elmlər doktoru, professor, akademik rütbəsinə yüksələn çoxlu sayda “məmur alimlər” mövcuddur. Faciə ondadır ki, bunlar sonradan, yəni yüksək vəzifələrini itirdikdən sonra müxtəlif elmi müəssisələrə üz tutaraq elmə gəlmək istəyənlərin taleyini həll etmək imkanı qazanırlar. Vəzifədə olduqları zaman etdikləri saxtakarlıqları elm və təhsil sahəsinə tətbiq edirlər.
Elm sahəsində olan digər problemlərin haradan qaynaqlandığını daha aydın görmək üçün bəzi faktları nəzərdən keçirək.
Azərbaycanda elmlər doktoru alimlik dərəcəsi almaq üçün aşağıdakı mərhələləri keçmək tələb olunur:
Mövzunun təsdiqi
- Elmi mövzunun seçilməsi və bunun müvafiq kafedra və ya şöbənin iclasında təsdiqi;
- Bundan sonra həmin mövzunun fakültə elmi şurasında təsdiqi;
- Daha sonra ali məktəbin və ya elmi insititutun Elmi Şurasında təsdiqi;
- Daha sonra mövzunun Respublika üzrə Koordinasiya Şurasında təsdiqi və çıxarışın alınması.
Bu mərhələdən sonra elmi mövzuda hansısa redaktə xarakterli kiçik bir dəyişliyə ehtiyac olarsa, bu mərhələlər yenidən keçilməlidir.
Məntiqlə, elmi tədqiqatın ən çətin mərhələsi dissertasiya işinin yazılaraq başa çatdırılması hesab olunmalıdır. Çünki tədqiqatçılar buna həyatlarının ən səmərəli illərini həsr edir və çəkdikləri əziyyətlərin geridə qaldığını təsəvvür edirlər. Çox zaman əksəriyyət belə bir fikir irəli sürür ki, “Məndən tələb olunanı etdim, bundan sonra nə olursa olsun”. Baxaq görək, bundan sonra hansı mərhələlər gəlir.
Dissertasiyaların müzakirə və müdafiəsi
- Dissertasiya yazıldıqdan sonra onun aparıcı kafedrada və ya şöbədə müzakirəsi üçün iddiaçının Ali Attestasiya Komissiyasının (AAK) siyahısında olan elmi jurnallarda 20 elmi məqaləsi, ölkə daxili və xaricdə keçirilən elmi konfranslarda dərc olunmuş 3 məqaləsi nəşr olunmalıdır. Bundan əlavə bir neçə metodik göstəriş, dərs vəsaitinin də nəşri tələb olunur. Həmçinin elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (Web of Science, SCOPUS, Springer, UlakbimŞ ERIH PLUS) olan elmi jurnallarda ixtisasdan asılı olaraq 2 və ya 3 məqalənin nəşri isə xüsusi tələb olunur. Bunlar olmadığı halda iş müzakirəyə buraxılmır. Müzakirə kənar müəssisədə keçirsə, iddiaçının işlədiyi müəssisə rəhbərinin imzaladığı rəsmi məktub və xasiyyətnamə, elmi əsərlərinin siyahısı və s. sənədlər kafedraya təqdim edilməlidir.
Yuxarıda qeyd olunan tələb yerinə yetirildikdən sonra dissertasiyanın müzakirəsi təşkil olunur. Bunun üçün universitet rektorunun və ya institut direktorunun rəsmi icazə verməsi, elmlər doktorları dissertasiyaları üçün elmi məsləhətçinin, fəlsəfə doktorları üçün isə elmi rəhbərin müsbət rəyi tələb olunur ki, bunu da almaq elə də asan məsələ deyil. Burda subyektiv amil daha çox özünü büruzə verir. Ona görə də bu mərhələ illərlə uzana bilir.
Adətən birinci müzakirədə iş müdafiəyə buraxılmır və qeyd olunan irad və çatışmazlıqları düzəltmək üçün iddiaçıya bir neçə ay vaxt verilir;
- Dissertasiyanın ikinci müzakirəsidə əgər bürokratik, süni əngəllər olmursa və işə müsbət rəy verilib müdafiəyə tövsiyə edilirsə, iş müdafiə şurasına təqdim olunur. 2018-ci ilə qədər isə bu mərhələdə olduqca yarıtmaz, qanunazidd bir məsələ tətbiq olunurdu. Yəni elmlər doktoru dissertasiyası müdafiəsi üçün iş müdafiəyə buraxılandan sonra Müdafiə Şurasına deyil, müdafiəyə icazə almaq üçün AAK-a təqdim olunurdu. Bu qanunazidd mərhələdən keçmək üçün iddiaçılar illərlə gözləməli olurdu. Müdafiə üçün icazə verilməsi prosesində ciddi qanun pozuntuları, rüşvət halları baş verdiyindən, 2018-ci ilin avqustundan sonra bu mərhələ ləğv olunub. Yəni artıq elmi iş müdafiəyə buraxıldıqdan sonra Müdafiə Şurasına təqdim olunmaq üçün AAK-dan icəzə tələb olunmur.
- Dissertasiya müdafiə üçün Müdafiə Şurasına təqdim olunmaq üçün elmi işin müzakirəsinə aid protokol, kadrların anketi, işlədiyi müəssisənin rəhbəri tərəfindən imzalanmış xasiyyətnamə, elmi əsərlərinin təsdiq olunmuş siyahısı və s. sənədlər təqdim olunmalıdır.
- Müdafiə Şurasında işin təşkili növbə əsasında həyata keçirilir. Əgər müraciət edənlərin sayı çoxdursa, iddiaçı uzun müddət gözləməli və ya yolu qısaltmaq üçün başqa vasitələr axtarmalıdır.
- Müdafiə 6 ay ərzində baş vermirsə, sənədlərin köhnəldiyi bəhanə edilərək geri qaytarılır, keçilən əziyyətli yolun bir də təkrarlanması tələb olunur. Burada çatışmayan cəhət budur ki, marketlərdə qida məhsullarının istifadə vaxtının keçdiyini iddi etmək ağlabatandır, lakin elmi işə rəy vermis alimlərin imzaladıqları və möhürlə təsdiq edilmiş sənədlərin istifadə vaxtının keçməsini (!) iddia etmək ağılsızlıqdır. İkincisi, bu gecikmə iddiaçının günahı üzündən yox, işi təşkil edənlərin yarıtmaz fəaliyyəti üzündən baş verdiyindən, bunun tələb edilməsi məntiqsizdir;
- Sonraki mərhələ Elmi Seminardan keçməkdir. Müdafiəyə qədər Müdafiə Şurasının nəzdində üç elmlər doktorunun daxil olduğu Seminarda müzakirə təşkil edilir. Bu müzakirə üçün əlavə üç elmlər doktorunun elmi işə verdiyi müsbət rəy tələb olunur;
- Seminardakı müzakirənin nəticəsi müsbət olduqda Müdafiə Şurasının iclasında iddiaçının dissertasiya işinin müdafiəsinin vaxtı, opponentlər və aparıcı müəssisə təsdiq edilir, elmi işin avtoreferatının buraxılmasına icazə verilir. Elmlər doktoru dissertasiyasının müdafiəsi üçün əvvəllər üç opponent tələb olunurdusa, hazırda 4 opponentin olması vacibdir.
- Müdafiəyə qədər iddiaçı avtoreferatı yazıb nəşr etdirərək müdafiəyə 10 gün qalana qədər AAK-ın siyahısında olan daxili və xarici müəssisələrə göndərməli və bu barədə poçtdan təsdiq olunmuş siyahını Müdafiə Şurasına təqdim etməlidir;
- Müdafiəyə qədər iddiaçı opponentlərə dissertasiyanı təqdim etmək üçün onun azı 3 nüsxə surətini çıxartdırmalıdır ki, bu da xeyli vəsait tələb edir. Bundan sonra hər bir opponentə dissertasiyanı təqdim edərək müdafiəyə qədər onların elmi işə verdiyi rəyin hazır olması və onların iclasda iştirakının təmin olunmasına nəzarət etməlidir. Opponentlərdən ikisi iclasa gəlmədiyi halda müdafiə baş tutmur. Bundan başqa, Müdafiə Şurası üzvlərinin də şura iclasına gəlməsinə nəzarəti iddiaçı edir. Yəni Müdafiə Şurasında yetərsay olmadığı təqdirdə iclas baş tutmur;
- Dissertasiyanın oxunub rəy verilməsi üçün opponentlərə ayrılan vəsait az olduğundan, onlar bunu həvəslə yerinə yetirmir və bu da müəyyən neqativ halların ortaya çıxmasına şərait yaradır;
- Elmi işin müdafiəsi günü iddiaçı, demək olar ki, tələb olunan əksər sənədləri şəxsən özü hazırlayır. Müdafiə prosesinin video çəkilişi tələb olunduğundan, öz vəsaiti hesabına bu işi də təşkil edir;
- Elmi işin müdafiəsi prosesində iddiaçı yazdığı elmi iş barədə məruzə edir, sonra verilən sulları cavablandırır, daha sonra opponentlər çıxış edir. İddiaçı hər bir opponentin çıxışından sonra çıxış edərək onun iradlarına cavab verir. Yekunda Müdafiə Şurasının üzvlərinin gizli səsverməsi təşkil olunur.
- Bundan sonra Müdafiə Şurasının iclasının protokolu elmi işə verilən rəylər, iddiaçının rektor tərəfindən təsdiq olunmuş xasiyyətnaməsi, anket və rektorun AAK-a ünvanladığı rəsmi məktub və s. sənədlərlə birlikdə AAK-a təqdim olunur;
- Bundan sonra iş ixtisas üzrə AAK-ın ekspert komissiyasına verilir. Ekspert komissiyası oxuyub elmi işə rəy vermək üçün üzvlərindən 3 nəfərinə dissertasiyanı təqdim edir. Bunun üçün az vəsait ayrıldığından, həmin üzvlər də opponentlər kimi bu işi həvəssiz görür. Bu da, deyildiyi kimi, neqativ hallara şərait yaradır. Əgər ekspert komissiyası elmi işə mənfi rəy verərsə iş ləğv olunur. Burada çatışmayan və acınacaqlı cəhət budur ki, iddiaçı ona verilən mənfi rəylə tanış olmaq imkanından məhrum edilib. Fikrimizcə bu, insan hüquqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.
- İddiaçı bu mərhələni də keçdikdən sonra elmi iş AAK Rəyasət Heyətinin iclasında müzakirə olunur. Hər hansı problem ortaya çıxmırsa elmi iş təsdiq olunur və iddiaçıya bir neçə müddətdən sonra diplom verilir.
Hörmətli oxucular elə bilməsin ki, bu çətin maneələri keçdikdən sonra elmi dərəcə almış şəxslər rahat nəfəs alırlar. Bundan sonra onları elmi adlar almaq üçün növbəti, daha çətin maneələr gözləyir. Bunu əyani şəkildə görmək üçün AAK-ın əsasnaməsində elmlər doktorları üçün professor elmi adı almaq üzrə aşağıdakı tələblərə nəzər yetirmək kifayətdir:
3.2. Professor elmi adı elmi - pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, elmlər doktoru elmi dərəcəsi olan, dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir:
3.2.1. iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;
3.2.2. iddiaçı elmlər doktoru elmi dərəcəsi aldıqdan sonra azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməlidir;
3.2.3. iddiaçı elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə azı beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş humanitar və ictimai elmlər üzrə azı iki, dəqiq və təbiət elmləri üzrə azı üç elmi məqalə təqdim etməlidir və ya iddiaçının elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis elmi dərəcə almalıdır;
3.2.4. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə həmmüəllifsiz tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi dörd yüz min işarədən az olmamaqla dərslik və ya dərs vəsaitləri) təqdim etməlidir;
3.2.5. iddiaçı elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə monoqrafiya (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir;
3.2.6. iddiaçının elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır.
Burada inkişaf etmiş ölkələrdə olmayan, lakin təəssüf ki, Azərbaycanda hələ də qalmaqda davam edən fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə etmədən dosent və professor elmi adı almaqla bağlıdır. Sovet dövründən qalmış, əməkdar, xalq artisti və bu kimi adları alan şəxslərin dissertasiya müdafiə etmədən elmi ad alması hallarının qalması haqsızlıqdır. Son vaxtlar Mədəniyyət Nazirliyi əməkdaşlarının həbsi ilə əlaqədar KİV-də əməkdar və xalq artisləri adlarının almasında neqatif halları olması barədə çox yazılıb. Fikrimizcə, elmi dərəcəsi olmayan şəxslərə elmi adların verilməsi təcrübəsindən imtina edilməsinin vaxtı çoxdan çatıb. Bu, elmi adların hörmətdən düşməsinin qarşısını alar.
Elmi dərəcə almış şəxslərin dosent və professor elmi adları almaq üçü aşağıdakı sənədləri Ali Attestasiya Komissiyasına təqdim etmələri tələb olunur:
1. Elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin rəsmi blankında yazılmış və onun rəhbəri tərəfindən imzalanmış elmi ad verilməsi üçün vəsatət məktubu ;
2. Elmi və ya elmi-pedaqoji fəaliyyətə görə elmi ad verilməsinə dair elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şurasının iclasının protokolu əsasında yazılmış arayış ;
3. Elmi ad verilməsinə dair elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şurasında səsvermənin nəticələrini əks etdirən hesablama komissiyasının protokolunun surəti ;
4. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün pasportunun notarial qaydada təsdiq olunmuş surəti);
5. İddiaçının şəxsi məlumat vərəqi (AAK tərəfindən təsdiq olunan Forma əsasında doldurularaq əsas iş yerində təsdiq olunmalıdır);
6. İddiaçının əmək kitabçasının əsas iş yerində təsdiq olunmuş surəti;
7. İddiaçının fəaliyyəti haqqında vəsatət qaldıran təşkilatın rəhbəri tərəfindən imzalanmış və əsas möhürlə təsdiqlənmiş xasiyyətnamə;
8. Elmi və ya elmi-pedaqoji fəaliyyətini əvəzçilik qaydasında və ya saathesabı ödəniş əsasında yerinəyetirən iddiaçılar üçün bu barədə həmin müəssisənin rəhbəri tərəfindən imzalanmış və əsas möhürlə təsdiqlənmiş arayış;
9. İddiaçının elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində əvəzçilik qaydasında və ya saathesabı ödəniş əsasında pedaqoji fəaliyyəti haqqında müvafiq əmrlərdən çıxarış (hər ay üçün tədris yükü göstərilmiş arayış əlavə olunmalıdır);
10. İddiaçının ali təhsil haqqında diplomunun və ona əlavənin (xaricdə ali təhsil almış iddiaçı üçün əlavəolaraq ali təhsil sənədinin ekvivalentliyi haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş sənədin) notarial qaydada təsdiq olunmuş surətləri;
11. Fəlsəfə doktoru və elmlər doktoru diplomlarının (xaricdə elmi dərəcə almış iddiaçı üçün əlavə olaraq elmi dərəcə sənədinin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş sənədin) surətləri;
12. Professor elmi adı iddiaçısı üçün dosent attestatının (xaricdə elmi ad almış iddiaçı üçün əlavə olaraqelmi ad sənədinin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş sənədin) surəti;
13. İddiaçının fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının avtoreferatları;
14. İddiaçının müvafiq ixtisas üzrə təqdim etdiyi elmi və tədris-metodiki işlərin vəsatət qaldıran elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq olunmuş siyahısı (o cümlədən elektron daşıyıcıda) ;
15. İddiaçının “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq təqdim etdiyi elmi və tədris-metodiki işlərin surəti (o cümlədən elektron daşıyıcıda);
16. Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan vəəhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan elmi ad iddiaçısı üçün onun əhəmiyyətli nailiyyətlərini təsdiq edən sənədlərin vəsatət qaldıran elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq olunmuş surətləri;
17. Monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki işlərin çapa tövsiyə olunmasına dair elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şurasının qərarının həmin elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin əsas möhürü ilə təsdiq olunmuş surəti;
18. İddiaçının Komissiyanın müəyyən etdiyi siyahı üzrə kitabxanalara göndərilmiş monoqrafiya, dərslik və dərs vəsaitlərinin çap və ya elektron versiyalarının həmin kitabxanalar tərəfindən qəbul edilməsini təsdiqləyən sənəd;
19. İddiaçının elmi və tədris-metodiki işlərində elmi plagiatın aşkar edilməməsinə dair arayış ;
20. Həmmüəllifli monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki işlərdə iddiaçının şəxsi payı göstərilmədikdə iddiaçının həmin işlərdə şəxsi payını əks etdirən, iddiaçı və həmmüəlliflər tərəfindənimzalanmış, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin əsas möhürü ilə və ya notarial qaydada təsdiq edilmiş arayış (hər hansı bir səbəbdən iddiaçının şəxsi payını müəyyən etmək mümkün olmadıqda həmin işləri çapa tövsiyə edən elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin əsas möhürü ilə təsdiq edilmiş iddiaçının şəxsi payını əks etdirən arayış);
21. İddiaçının elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı elmi dərəcəalmış mütəxəssislərin vəsatət qaldıran elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində təsdiq edilmiş siyahısı (həmin mütəxəssislərin dissertasiyalarının avtoreferatları və diplomlarının surətləri əlavə olunmalıdır);
22. Elmi ad almaq üçün qeydiyyat vərəqi;
23. Elmi ad verilməsinə dair iddiaçının attestasiya işində olan sənədlərin siyahısı.
Yəqin bu faktları oxuduqdan sonra hörmətli oxucularda Azərbaycanda alimlərin sayının sürətlə azalmasının səbəbləri haqqında müəyyən təsəvvür yarandı.. Bu mərhələləri öz gücünə keçən və yenə də elmi tədqiqatlara həvəsi olan insanları təltif eləmək üçün yeni “Elmdə igiddiyə görə” medalı təsis edilməsinə ehtiyac var.
Fikrimizcə, Azərbaycanda elmin inkişafına mane olan bürokratok əngəlləri aradan qaldırmaq üçün ciddi islahatlara ehtiyac var. Azərbaycan Respublikası Prezidentinin apardığı islahatlar sırasında elm və təhsil sahəsinə də xüsusi diqqət verilməsi gələcəyə olan inamı artırır. Bu sahədə inkişaf etmiş ölkələrin, qardaş Türkiyənin təcrübəsindən istifadə olunması problemlərin həllinə yaxından kömək göstərə bilər.
Əməkdar elm xadimi əvəzinə, “Elmdə igidliyə görə” medalı təsis olunsun
Bütün bu mərhələlərdə tədqiqatşı çalışmalıdır ki, heç kimin xətrinə dəyməsin, heç kimlə üz-göz olmasın, yəni haqlı olduğu halda da səsini çıxarmasın.Yoxsa ona qarşı qərəz, düşmənçılık üçün əsasnamədə çoxlu boşluqlar var…