04/04/2020 13:35
728 x 90

İtaliya ilə müdafiə və hərbi-texniki əməkdaşlığın başlanmasının Azərbaycan-Ermənistan güc balansına təsirləri...

İbrahim Rüstəmli: “İtaliya kimi NATO ölkəsi ilə hərbi əlaqələrin qurulması Azərbaycan üçün xüsusi önəm daşıyır”

img

İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlığa start verilir. Bunu Prezident İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, hərbi sahədə əməkdaşlıq bir başlanğıcdır: “İmzalanmış sənədlər arasında birini xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik”.

Adətən, Avropa İttifaqının aparıcı dövlətləri Qarabağ münaqişəsi ilə əlaqədar bu sahədə Azərbaycanla əməkdaşlıq etməkdən yayınırlar. Ölkəmizə silah ixrac etmirlər. Bildirirlər ki, hərbi sahədə əməkdaşlıq münaqişə öz həllini tapandan sonra mümkün olacaq. Ancaq görünən odur ki, İtaliya kimi nüfuzlu bir ölkə bu maneəni aradan qaldırır. Nəzərə almaq lazımdır ki, İtaliya NATO blokunda çox vacib rola malikdir. ABŞ-ın bir sıra bazaları İtaliyada yerləşir. O baxımdan İtaliya ilə hərbi əməkdaşlıq Azərbaycan üçün nə deməkdir? Bunun Azərbaycan-Ermənistan hərbi güc balansına təsirlərini ekspertlər necə dəyərləndirirlər?

  • “Bu həm də siyasi baxımdan bizim üçün önəmlidir”

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, İtaliya ilə müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın qurulmasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var: “Azərbaycanın bir sıra aparıcı dövlətlərlə siyasi-hərbi əlaqələri genişləndirməsi önəmli məsələdir. Azərbaycan ərazisinə görə kiçik dövlətdir. Belə olan halda, İtaliya kimi NATO ölkəsi ilə hərbi əlaqələrin qurulması Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu təkcə hərbi baxımdan önəmli deyil. Bu həm də siyasi baxımdan bizim üçün önəmlidir. Çünki İtaliyanın Avropa İttifaqında və NATO-da xüsusi çəkisi var. Azərbaycan müstəqil siyasət yeritməsəydi, İtaliya kimi inkişaf etmiş ölkə hərbi sahədə əməkdaşlıqda maraqlı olmazdı. İndiyə qədər Qərb dövlətləri hərbi sahədə Azərbaycanla əməkdaşlıqda çəkingənlik göstərirdilər. Söhbət Qərbi Avropa dövlətlərindən gedir. O baxımdan İtaliya bu sahədə əməkdaşlığa maraq göstərməklə yeni bir yol açır. Bu da, təbii ki, Ermənistanı bərk narahat edir. Onlar İtaliya kimi bir dövlətin Azərbaycanla hərbi sahədə əməkdaşlıq etməsini həzm edə bilmirlər. Düzdür, Azərbaycan Rusiya, İsrail, ABŞ və digər ölkələrlə hərbi sahədə əməkdaşlıq edir. Sözügedən ölkələrdən Azərbaycan modern silahlar əldə edir. Azərbaycan 30-dan artıq ölkə ilə hərbi sahədə müxtəlif əməkdaşlıq edir. Ancaq İtaliya kimi ölkə ilə bu sahədə əməkdaşlığın qurulması Azərbaycan üçün çox önəmlidir. Bunun sayəsəndə Azərbaycan həm də aparıcı ölkələrlə siyasi baxışlarını bölüşmək imkanı qazanır. Reallığı dünya ictimaiyyətinə çatdırmaq imkanı qazanır. Bu da indiki dövrdə Azərbaycan üçün çox böyük önəm kəsb edir. Məsələ ondadır ki, İtaliya sıradan bir ölkə deyil. O üzdən, bunun əhəmiyyəti böyükdür”.

Vidadi ORDAHALLI

Son xəbərlər