Qəzetə görə, burada təhlükə o qədər böyük bir ölçüdədir ki, Amerika ordusu Mosul və Hadita su anbarlarının yaxınlığında toplaşan İŞİD yaraqlılarının qarşısını almaq üçün mövqelərini tez-tez vurmağa başlayıb. Ancaq, yaraqlılar Amerika hücumlarına baxmayaraq hər iki anbarı da təhdid etməkdə davam edir.
«Amerikanın səsi»nin məlumatına görə, yaraqlılar anbarları ələ keçirərək bölgədə bir ölkə qurduqları iddiasını gücləndirmək istəyirlər.
Suriya və İraqda əhəmiyyətli yerlərdə nəzarəti əlində saxlayan İŞİD Türkiyə sərhədindəki Suriya qəsəbəsi Kobaniyə də hücumlarını davam etdirir. ABŞ liderliyindəki koalisiya gücləri İŞİD-ə qarşı hava hücumlarını artıraraq yaraqlıların irəliləməsini dayandırmağa çalışır.
İraqda 4 su anbarı İŞİD-in əlində
İraq üçün əkinçilik və elektrik istehsalı baxımından kritik əhəmiyyət daşıyan anbarları nəzarət altında tutmaq bütün tərəflər üçün çox əhəmiyyətlidir. Ən pis tərəfi isə odur ki, İŞİD Fərat və Dəclə çayları üzərində olan su anbarları da daxil olmaqla İraqda ən az 4 su anbarını əlinə keçirmiş vəziyyətdədir. Bölgədə ciddi su problemi yaşanır.
Londonda mərkəzləşmiş «Royal United Service» İnstitutunun Orta Şərq mütəxəssisi Mixael Stephenə görə, İŞİD suyun nə qədər əhəmiyyətli olduğunu bilir və bunu istifadə etmək istəyir. Stephen deyir ki, İŞİD-in İraqdakı su qaynaqlarına nəzarəti ələ keçirmək uğrunda başqa heç bir qarşıdurmada görülməyən güc sərf edir.
Mosul su anbarının işğalı Ağ Evdə həyəcan yaratdı
İkinci Dünya Müharibəsində müttəfiqlərin Nasist Almaniyasının su anbarlarını bombalamasından, Səddam Hüseynin İraqın cənubunda yaşayan və özünə müxalif hesab etdiyi xalqı susuz buraxaraq cəzalandırmasına qədər, su tarix boyunca bir çox qarşıdurmada əhəmiyyətli rol oynayıb. Amma indi hər hansı bir dövlətə bağlı olmayan bir qrupun su qaynaqlarını ələ keçirməsi dünyada böyük narahatlığa səbəb olub. İyun ayında Dəclə çayı üzərindəki Mosul su anbarının İŞİD-in əlinə keçməsi barədə xəbər Ağ Evdə həyəcan yaratmışdı.
Avqustun 18-də İraq qüvvələrinin Mosul anbarını təkrar ələ keçirməsindən sonra açıqlama verən ABŞ prezidenti Barak Obama bildirib: "Əgər anbar dağıdılsaydı sel minlərlə adamın həyatını və Bağdaddakı səfirliyimizi təhlükə altına atardı. Bu da hamımız üçün bir fəlakət olardı".
Fərat və Dəclə arasında olan və bir çox tarixi mədəniyyətlərə şahid olmuş bu torpaqlar İraq əkinçiliyi üçün həyati əhəmiyyət daşıyır. Bu su, bölgədə yaşayan xalqa içmə suyu olaraq verildiyi kimi elektrik istehsalı üçün də istifadə edilir.
Birləşmiş Millətlər Təşkilatına görə, son illərdə yaşanan quraqlıq, həddindən artıq su istifadəsi və digər faktorlar səbəbilə çayların su səviyyəsində eniş yaşanır. Fəratın suyunda 2025-ci ilə qədər 50 faizə qədər azalma gözlənilir. O zamana qədər İraq hər il 33 milyard kub metr su çətinliyi çəkə bilər.
Su təxribatı İraqı çox çətin vəziyyətə salar
Brooking İnstitutu Orta Şərq mütəxəssisi Kenneth Pollaka görə, ölkədə su çətinliyi var və bunun da iqtisadiyyata təsirləri böyükdür. Buna görə bir neçə ildir siyasi problemlər də yaşanır. İŞİD-in edə biləcəyi hər hansı bir su sabotajının İraqda sarılması çətin yaralar aça bilər.
Sünni İŞİD yaraqlıları şiələri dinsizlikdə günahlandırır. Yaraqlılar həmçinin İraqdakı şiələri sünni xalqı əzən dövləti dəstəkləməkdə günahlandırır.
Aprel ayında İŞİD yaraqlıları Anbar bölgəsindəki Fəllucə su anbarını ələ keçirmiş və səddin qapılarını bağlamışdı. İŞİD bunu əksəriyyəti şiələrin olduğu bölgələrə gedən suyu kəsmək məqsədilə etmişdi. Ancaq, səddin digər tərəfində yığılan su yaxınlıqdakı evlər, məktəblər və tarlaların su ilə dolmasına səbəb olmuşdu. Su basması 40 mindən çox adama ziyan vermişdi.
Bunun ardından İŞİD Bağdadın şimalındakı Sudur su anbarının suyunu kəsərək əksəriyyəti şiələr olan Diyala bölgəsindəki Balad Ruzu susuz qoymuşdu. Şəhər qubernatoruna görə, yaraqlılar anbara gedən yola partlayıcılar yerləşdirib dövləti maşınlarla xalqa su paylamaq məcburiyyətində qoymuşdu.
60-dan çox ev 200 hektar kənd təsərrüfatı sahəsi su altında qaldı
Başqa bir bölgə rəsmisi, yaraqlılaran Şirvan bölgəsində doqquzdan çox kəndi suyun axarını dəyişdirərək su altında buraxmaqla irəliləyən İraq ordusunun yavaşlatdıqlarını bildirib. Region rəhbərliyi İŞİD yaraqlılarını sırf İraq ordusunu dayandırmaq üçün 60-dan çox ev və 200 hektar kənd təsərrüfatı sahəsinə su buraxmaqla yararsız hala salmaqda günahlandırır.
İraq Regional Kürd Rəhbərliyi Kənd Təsərrüfatı və Su İşləri naziri Əbdül Məcid Satara görə, iraqlı kürdlər İŞİD yaraqlıları ilə döyüşməklə yanaşı eyni zamanda su qaynaqları üçün də döyüşür. Satar İŞİD-in bu qaynaqları ələ keçirəcəyi halda İraqın bir çox yerini təhdid edə biləcəyini bildirir.
Mosulu susuz və işıqsız qoydu
IŞİD İraqın ikinci böyük anbarı olan Mosul anbarını iyun ayında ələ keçirərək iki ay Şimali İraqa doğru irəliləmişdi. İŞİD-in o zamandan bəri əlinə keçirdiyi yerlərin çoxu ABŞ-ın da köməyilə kürd qüvvələr tərəfindən təkrar geri alınıb. Ancaq, İŞİD buralardan ayrılarkən su və enerji bölgələrindəki imkanlarından istifadə edərək Mosulu susuz və elektriksiz qoydu.
Kənd təsərrüfatı baxımından aktiv bir bölgə olan Talkaneimdə İŞİD yaraqlıları bölgədən çəkilərkən su çıxarmaq üçün istifadə edilən mühərriklərin elektrikini kəsiblər. Ardından kənd səlahiyyətlilərinə, əgər kifayət qədər pul ödəsələr elektrikin təkrar veriləcəyini bildiriblər. Yerlilər bildirir ki, İŞİD yaraqlıları elektrikin bərpa olunması üçün onlardan 3.500 dollar dəyərində olan 4 milyon dinar istəyir.