Uzun illərdir xüsusi müzakirə mövzusuna çevrilən “Transxəzər” qaz kəməri ilə bağlı yenidən maraqlı bir vəziyyət yaranmaqdadır. Belə görünür ki, “Transxəzər” məsələsi yaxın tezlikdə Qərblə Rusiya, eləcə də İran arasında daha ciddi geosiyasi çəkişmə predmetinə çevriləcək.
Məsələ ondadır ki, Xəzəryanı ölkələrin iqtisadi forumu zamanı “Transxəzər” kəməri ideyası da gündəmə gəlib. Amma İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari ölkəsinin buna qarşı olduğunu bildirib: “İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu, regionun ekologiyasına ciddi zərər vura bilər”.
Rusiyanın Baş naziri Dmitri Medvedyev də Xəzər forumunda çıxışı zamanı Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsinə dair layihələrin əvvəlcə bütün sahilyanı ölkələr tərəfindən ekoloji ekspertizadan keçirilməli olduğunu deyib. Belə müddəa Xəzərin statusuna dair konvensiyada da əksini tapır. Amma konvensiyanın digər müddəasına görə, Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsi, həmin kəmərlər hansı ölkənin milli sektorlarından keçirsə, onların öz aralarında razılaşdırılmalıdır. Tehran və Moskvanın bu mövqeyinə rəğmən, “Transxəzər” kəməri ideyasını Qərb fəal müdafiə edir və dəfələrlə bu layihə Türkmənistanla danışıqlarda müzakirə olunub. Məsələn, elə Xəzər forumu zamanı Rusiya və İranın məlum mövqeyi fonunda Avropa İttifaqı (Aİ) Türkmənistanla bu ölkəni Azərbaycanla birləşdirəcək “Transxəzər” kəmərinin tikintisinin maliyyələşdirilməsinə dair danışıqları bərpa edib. Qurumun Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian bildirib ki, təmsil etdiyi beynəlxalq maliyyə qurumu Türkmənistana məxsus təbii qazın Avropa ölkələrinə nəql edilməsini nəzərdən keçirir.
Maraqlıdır, yuxarıda sadalanan iki fərqli münasibət fonunda “Transxəzər” kəmərini nə gözləyir?
İlham Şaban: “Rusiya və İranın fərqli mövqedən çıxış etməsi onların öz maraqlarından irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban buna bir neçə kontekstdən yanaşdı: “Avropa İttifaqının “Transxəzər”lə bağlı verdiyi qərar qurumun ümumi regiona baxışı və istəyidir. Regionda enerji ilə zəngin olan Türkmənistan öz təbii qazını bir istiqamətdə deyil, bir neçə istiqamətdə ixrac etmək istəyir. Bununla da özünün həm enerji təhlükəsizliyini, həm də ixrac təhlükəsizliyini gücləndirmək, şaxələndirmək istəyir. O cümlədən, bu minvalla, özünün iqtisadi təhlükəsizliyinin stabilliyini təmin etmək istəyir. İkinci bir tərəfdən, bu, Avropanın enerji təhlükəsizliyinə əlavə stimul olar. Yəni bu istək və arzudur. Başqa bir tərəfdən, Rusiya və İranın fərqli mövqedən çıxış etməsi onların öz maraqlarından irəli gəlir. Sözügedən dövlətlər öz maraqlarından çıxış edərək bu cür fikirlər səsləndirirlər. Hesab edirlər ki, “Transxəzər”in reallaşması onların maraqlarına uyğun deyil. Türkmənistan rəsmilərinin fikirlərinə baxsaq görərik ki, 2007-ci ilin martından davamlı olaraq müəyyən zaman fasilələri ilə onlar da bu yöndə fikirlər səsləndirirlər. Bəyan edirlər ki, Türkmənistan Qərb marşrutu ilə qazın ixracında maraqlıdır. Deməyim odur ki, hər bir tərəf öz marağını dilə gətirir. Ortada hələlik konkret başqa bir şey yoxdur. Ancaq “Transxəzər”in reallaşması artıq kommersiyadan irəli gələn maraqlardan asılıdır. Bununla bağlı ortaq məxrəc tapılsa, layihə reallaşa bilər”.
Vidadi ORDAHALLI