Dəfələrlə ATƏT-in ikili standartlardan çıxış etməsinin şahidi olmuşuq. Bu baxımdan sözügedən qurumun məlum mövqedən çıxış etməsi, bir növ, daha təəccüblü görünmür.
Məsələ ondadır ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir jurnalist Xədicə İsmayılovanın işilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin qərarı ilə bağlı narahatlığını bildirib. Məhkəmə X.İsmayılovanın sınaq müddətinin ləğvi barədə vəsatətini təmin etməyib və xaricə səfərə qadağanı aradan qaldırmayıb. ATƏT nümayəndəsinin fikrincə, guya ölkədən çıxışın məhdudlaşdırılması jurnalistin hüququnun və peşə fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasıdır.
Hər xırda məsələni şişirtməklə bunu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışan ATƏT, nədənsə, Zöhrab Mnatsakanyan həyasızlğını görməzdən gəlir. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyan Baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.
Mnatsakanyan bu haqda İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.
Paşinyan avqustun 5-də Xankəndidə demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə”.
Mnatsakanyan isə beynəlxalq hüquq normalarına zidd olaraq, Paşinyanın məlum sərsəmləməsini açıq formada dəstəkləyib: “Ermənistanın Baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”.
Bu, açıq-aşkar, bir ölkə rəsmisinin digər ölkənin ərazisinin qəsb edilməsinə haqq qazandırmasıdır. Ancaq, nədənsə, Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT buna heç bir reaksiya vermir.
Vüqar Rəhimzadə: “Hesab edirəm ki, bu, beynəlxalq hüquqa qurumun açıq-aşkar hörmətsizliyidir”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, son baş verənlər bir daha ATƏT-in ikili standartlardan çıxış etdiyini əyani şəkildə ortaya qoydu: “ATƏT zaman-zaman ikili standartlardan çıxış edərək ədalətsiz mövqe ortaya qoyub. Bu da sözügedən qurumun növbəti yanlış yanaşmasıdır. Adi bir məsələni görürsən ki, şişirdib ona tez münasibət bildirirlər. Ancaq prinsipial əhəmiyyət kəsb edən məsələləri görməzdən gəlirlər. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu həmsədrləri regiona turist kimi səfər edirlər. Necə deyərlər, yeyib-içirlər və sonra geri dönürlər. Faktiki olaraq, heç bir qətiyyət, prinsipiallıq nümayiş etdirmirlər. Ona görə də ATƏT-dən ədalət gözləmək müəyyən mənada yersizdir. Baxın, Paşinyan Xankəndiyə səfər edərək sərsəm bəyanatlarla çıxış etdi, amma ATƏT buna heç bir reaksiya vermədi. Hansı ki, qurum buna hansısa formada reaksiya verməyə borclu idi. Ancaq nə Paşinyanın, nə də Mnatsakanyanın sərsəm fikirlərinə heç bir reaksiya verilmədi. Ona görə də ATƏT-in bu susqunluğunu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu, beynəlxalq hüquqa qurumun açıq-aşkar hörmətsizliyidir”.
Vidadi ORDAHALLI