20/09/2019 23:08
728 x 90

Pakistan Kəşmir məsələsində Azərbaycandan rəsmi dəstək gözləyir...

“Biz Kəşmir məsələsinə münasibət sərgiləyərkən, bütün hallarda, Azərbaycanın milli təhlükəsizlik maraqlarını nəzərə almalıyıq”

img

“Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

Səfir sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub: “Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”.

Səid Xan Möhmənd bildirib ki, Pakistan Azərbaycanın dəstəyini gözləyir: “Pakistan Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanındadır və indiyədək Ermənistanı dövlət olaraq tanımırıq. Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub”.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd onu da qeyd edib ki, Hindistan Konstitusiyasının 1954-cü ildə qəbul edilən müddəalarına görə, Kəşmirdə yalnız kəşmirlilər yaşaya bilərdi: “Amma 5 avqust 2019-cu ildə Hindistan Konstitusiyasında həmin maddələrə dəyişiklik edilib. Bu o deməkdir ki, artıq hindistanlılar Kəşmirə rahat gələ bilər, dövlət işlərində işləyə bilər, orada yaşaya bilərlər”.

O da məlumdur ki, Pakistanla sıx dostluq əlaqələrinə malik olan Azərbaycan imkan daxilində bu ölkəni dəstəkləyib. Ancaq Dağlıq Qarabağ münaqişəsi səbəbindən Kəşmir məsələsində bir qədər ehtiyatlı mövqe sərgiləyir. Bütün bunlarla yanaşı, Pakistan səfirinin məlum müraciətindən sonra Azərbaycan Kəşmir məsələsində hansı mövqe tutmalıdır?

Elşən Manafov: “Hesab edirəm ki, BMT Baş Assambleyasında bu məsələ müzakirəyə çıxarılarsa...”

Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, Kəşmir məsələsinə Pakistan-Azərbaycan münasibətləri kontekstində yanaşmaq lazımdır: “Məsələ ondadır ki, Pakistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Beynəlxalq hüquq normalarına istinadən Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Müharibə başlanacağı təqdirdə hətta hər cür hərbi dəstək verməyə hazır olduqlarını bildirib. Bir məqamı da qeyd edim ki, Pakistan müsəlman dövlətləri içində Ermənistanla heç bir diplomatik münasibəti olmayan yeganə dövlətdir. Hətta Türkiyədən uzağa gedərək Pakistan bu addımı atıb. Kəşmir məsələsi ilə bağlı rəsmi Dehli ilə İslamabad arasında münasibətlərdə yaşanan gərginliyə beynəlxalq birliyin sərgilədiyi mövqeyə də diqqət etmək lazımdır. Burada Çin, İndoneziya, Türkiyə birmənalı şəkildə Pakistanı dəstəkləyir. Ancaq qonşu İran Kəşmir məsələsində daha ehtiyatlı mövqe sərgiləyir. Məlumdur ki, Kəşmir məsələsini Dağlıq Qarabağla heç cür eyniləşdirmək olmaz. Çünki bunlar tamam fərqli məsələlərdir. Gərginliyin səbəbi Hindistan tərəfinin Pakistanla razılaşdırmadan zamanında Kəşmirlə bağlı əldə edilmiş statusun ləğvi istiqamətində qəbul etdiyi qərardır. Nəticədə Kəşmirin statusu ləğv edilib və prezident bunu təsdiq edib. Beynəlxalq diplomatik çərçivədə güman ki, biz bu məsələyə münasibət bildirəcəyik. Çünki Pakistanla münasibətlər bizim üçün çox ciddi əhəmiyyət kəsb edir. Ancaq nəzərə almaq lazımdır ki, Hindistan da dünyanın ən güclü dövlətlərindən biridir. Ona görə də təbii ki, biz Kəşmir məsələsinə münasibət sərgiləyərkən, bütün hallarda, Azərbaycanın milli təhlükəsizlik maraqlarını nəzərə almalıyıq. Qarabağ probleminin gələcək həlli perspektivlərinə bu münasibətin necə təsir göstərə biləcəyini nəzərə almalıyıq. Hesab edirəm ki, BMT Baş Assambleyasında Kəşmir məsələsi müzakirəyə çıxarılarsa, Pakistanın haqlı mövqeyini dəstəkləməyə Azərbaycan borcludur”.

Vidadi ORDAHALLI

Son xəbərlər