19/08/2019 17:06
728 x 90

ABŞ İranla əlaqələrə görə Ermənistana sanksiyaların tətbiqinə başladı...

“Ermənistanın iki şirkətinin adının “qara siyahı”ya salınmasının iqtisadi anlamından daha çox siyasi mahiyyəti var”

img

ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - Yerevan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və “Markel” Qapalı Səhmdar Cəmiyyətini (QSC) “qara siyahı”ya salıb. Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yer alıb.

Ticarət Nazirliyi bildirir ki, YerTTİ məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lazımi lisenziyalar olmadan alıb və təkrar ixrac edib.

Bundan başqa, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur. Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edirlər. Sanksiyaların məhdudlaşdırılması çərşənbə günü qüvvəyə minəcək.

Bir ara ermənilər bəyan edirdilər ki, guya Ermənistanın mövcud coğrafi və iqtisadi vəziyyətinə görə İran məsələsində Birləşmiş Ştatlar bu ölkəyə çox da təzyiq göstərməyəcək, seçim etmək məcburiyyətində qoymayacaq. Ancaq bütün bu deyilənlər özünü doğrultmadı. Göründüyü kimi, ABŞ Ermənistan şirkətlərinə qarşı sanksiyalara başladı.

Bəzi siyasi müşahidəçilərin fikrincə, ABŞ-ın Ermənistana qarşı sanksiyalarını artırması mümkündür. Bunu onunla əlaqələndirirlər ki, Azərbaycan şirkətləri İranla müxtəlif sahələrdə əməkdaşlıq etməsinə baxmayaraq, Amerika tərəfindən heç bir sanksiyaya məruz qalmayıb. Çünki Azərbaycan o sahələrdə İranla əməkdaşlıq edir ki, bu sahələr sanksiyalar siyahısına düşmür. Ancaq Ermənistan elə sahələrdə İranla əməkdaşlıq edir ki, ona qarşı belə sanksiyalar tətbiq olunur. Bu baxımdan, ABŞ-ın Ermənistana qarşı sanksiyalar siyahısının bir az da genişlənəcəyi güman edilir.

Bütün hallarda, ABŞ-ın Ermənistan şirkətlərinə yönəlik bu addımını ekspertlər necə dəyərləndirirlər?

  • Mübariz Əhmədoğlu: “Vaşinqton məhz İrəvanı qeyri-səmimi siyasət apardığına, müstəqil siyasət yeridə bilmədiyinə görə cəzalandırır”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, ABŞ-ın Ermənistan şirkətlərinə yönəlik bu addımı iqtisadi mənadan çox siyasi məna kəsb edir: “Görünən odur ki, ABŞ-ın Ermənistana münasibətində ancaq neqativliklər var. Ermənistanın iki şirkətinin adının “qara siyahı”ya salınmasının iqtisadi anlamından daha çox siyasi mahiyyəti var. Ermənistanın İranla əməkdaşlığını, faktiki olaraq, ABŞ qəbul etmir. İqtisadi baxımdan burada elə bir böyük rəqəm yoxdur. Sadəcə olaraq Vaşinqton məhz İrəvanı qeyri-səmimi siyasət apardığına, müstəqil siyasət yeridə bilmədiyinə görə cəzalandırır. Yəni ABŞ-Ermənistan münasibətləri çox dərin olub. ABŞ-da erməni lobbisi çox dərin kök salıb. Lazım olanda onlar çox işlər görüblər. Ancaq bu münasibətlər nə qədər dərin olsa da, sözügedən münasibətləri xarakterizə edən Con Bolton regionda olarkən ortaya mövqe qoydu. Bildirdi ki, Ermənistan istəyirsə onun xarici siyasətinə təzyiqlər azalsın, o zaman Dağlıq Qarabağ məsələsini həll etməlidir. Yəni ABŞ demək istəyir ki, Ermənistan müstəqil xarici siyasət apara bilmir. Ancaq Ermənistan rəhbərliyi Boltona qulaq asmadı. Belə olan halda, Ermənistan şirkətlərinə qarşı sanksiyalara start verildi. Azərbaycanla münasibətlərdə isə müsbət dinamika var. Ermənistana ayrılan yardım azaldılır, Azərbaycana ayrılan yardım isə artırılır. Bütün bunlar mühüm faktorlardır”.

Vidadi ORDAHALLI

Son xəbərlər