Azərbaycan iqtisadiyyatının ixrac imkanlarının artması qarşıdakı illərdə ölkəmizə valyuta daxilolmalarının artacağından xəbər verir. TANAP-ın ardınca TAP layihəsinin də işə düşməsi sayəsində qaz ixracı artacaq və bu məhsulun satışından əldə edilən gəlir xeyli yüksələcək.
Ötən il qaz ixracından 1,5 milyard dollar gəlir əldə edilib. Bu ilin ilk yarısında ixrac edilən qazın dəyəri artıq 1,05 milyard dolları ötüb, proqnoza görə, ilin sonunda 2 milyard dollar həddini keçəcək. 2020-ci ildə qaz ixracından gəlirimiz bir qədər də artacaq. Hazırda 6 milyard kubmetr olan qaz ixracı 2020-2021-ci illərdə 16 milyard kubmetri ötəcək.
Dünya Bankının proqnozuna əsasən, təbii qaz ixracının artması nəticəsində 2019-2021-ci illərdə iqtisadi artım orta hesabla 3,5% təşkil edəcək, Azərbaycandan kapital axını aşağı səviyyədə qalacaq. Göründüyü kimi, rəqəmlər bizə optimist göstəricilər vəd edir. Ölkəmizin iqtisadi göstəriciləri onsuz da yaxşıdır. Qaz sektorundan gəlirlərin artması bizə yalnız yaxşı nələrisə vəd edir. Büdcəmizə daxilolmaların artması Dağlıq Qarabağ probleminin həlli üçün yeni hansı imkanları aça bilər?
Elşən Həsənov: “Ölkəmizin daha da varlı olması bütün istiqamətlər kimi, Dağlıq Qarabağ probleminin həlli mexanizmlərinə də müsbət təsirini göstərmiş olacaq”
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycan, faktiki olaraq, müharibə şəraitində yaşayır: “Bu, eyni zamanda, ciddi xərcin tələb olunduğu anlamına gəlir. Torpaqlarımızın işğal olunması və problemin hələ də həllini tapmaması bizi vadar edir ki, güclü ordu saxlayaq, ən müasir silahlarla ordumuzu təchiz edək. Təbii ki, bunların hamısı əlavə xərclərdir. Məsələyə iki aspektdən yanaşmaq olar: iqtisadi və siyasi. İqtisadi cəhətdən qaz gəlirlərinin artması rifahımız üçün gözəl gələcək vəd edir. Nəticədə ölkəyə valyuta girişi artır, əvəzində xaricə valyuta çıxışı azalar və ya sabit qalarsa, bu halda, milli valyutanın məzənnəsi möhkəmlənir. Əksinə, ölkədən valyuta çıxışı artırsa, əvəzində valyuta gəliri azalırsa, milli valyutanın məzənnə dəyəri aşağı düşür. 2015-ci ildə ardıcıl iki devalvasiyanın olmasının səbəbi də məhz ölkədən valyuta çıxışının gəlişindən çox olması ilə bağlı idi. Bilirsiniz ki, iqtisadiyyatla siyasət bir-birinə sıx bağlıdır. Bizim rifahımız yaxşı olduqca düşmənlə mübarizəni də sistemli, keyfiyyətli və daha əzmkar səviyyədə apara bilirik. Siyasi cəhətdən də bu, bizim problemimizin həllinə böyük töhfə verəcək. Çünki Azərbaycan dövlətinin ən dərin problemi Qarabağ məsələsidir. Maddi vəziyyətimiz artanda biz informasiya müharibəsini də daha səmərəli şəkildə apara bilirik. Bundan əlavə, qaz gəlirlərinin ölkəyə daxil olması həm də o anlama gəlir ki, artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə başlayırıq. Həmin dairələr isə regionda təhlükəsizliyin ən yüksək səviyyədə olmasını istəyəcəklər. Bu da Dağlıq Qarabağ probleminə həssas və incə yanaşmanı ortaya qoyacaq. Eyni zamanda, Ermənistan qarşısında konstruktiv olmağa dair tələblər də artacaq. Bir sözlə, ölkəmizin daha da varlı olması bütün istiqamətlər kimi, Dağlıq Qarabağ probleminin həlli mexanizmlərinə də müsbət təsirini göstərmiş olacaq”.
Məhəmmədəli QƏRİBLİ