BMT-nin Suriya üzrə nümayəndəsi xəbərdarlıq edərək bildirib ki, Suriyanın sərhəd şəhəri Kobanidə əksəriyyəti qocalar olmaqla 700-dək sakin ilişib qalıb. Staffan de Mistura həmçinin Türkiyəni şəhəri İslam Dövləti silahlılarından qorumaq istəyən könüllüləri sərhəddən buraxmağa çağırıb. Oradan alınan məlumatlara görə, İD kürdlərin şəhərdəki qərargahını ələ keçirib, hərçənd Suriya kürdlərinin rəsmiləri bu xəbəri təkzib ediblər.
Son üç həftə ərzində Kobani İD ilə kürd qüvvələri arasında döyüş meydanına çevrilmişdi. Döyüşlər əsasən kürdlərdən ibarət yüz minlərlə sakinin qonşu Türkiyəyə qaçmasına səbəb olub.
Türkiyə bu vaxtadək İD-ə qarşı qurudan müdaxiləni istisna edir. Amerikanın rəhbərliyi altında koalisiyanın hava zərbələri ilə dəstəklənən kürd qüvvələri bildirirlər ki, şəhər üzərinə irəliləyən silahlıların hücumunu dayandırmaq üçün təcili olaraq silah və sursata ehtiyacları var.
Cənab de Mistura deyib ki, yeganə dar keçid istisna olunmaqla Kobani İD tərəfindən "əslində mühasirədədir". AFP xəbər verir ki, şəhərin içərisində əksəriyyəti yaşlı sakinlər olmaqla mülki şəxslər ilişib qalıb və yaxınlıqda daha 10-13 min adam yığılıb.
BMT nümayəndəsi deyib ki, İD-in əlinə keçərsə, "dinc əhali çox güman qətliam ediləcək" və BMT daha bir Srebrenitsanın təkrarını istəmir. 1995-ci ildə Bosniya münaqişəsi zamanı Srebrenitsa şəhərində Bosniya serblərinin qüvvələri minlərlə kişini və oğlan uşağını qətlə yetirmişdilər.
"Biz Türkiyəni ən azı könüllülərin və onların silahlarının sərhəddən keçidinə icazə verməyə çağırırıq ki, onlar şəhərin özünümüdafiə əməliyyatına kömək edə bilsinlər". Bu bəyanatı cənab de Mistura Cenevrədə jurnalistlər qarşısında səsləndirib.
O həmçinin Türkiyəni "öz ərazisindən bütün mümkün vasitələrlə" Kobani ətrafındakı İD mövqelərinə zərbələr endirən ABŞ koalisiyasına dəstək verməyə çağırıb.