Şahin Camalov: “Dövlət mütləq öz iradəsini ortaya qoymalıdır” Sahib Məmmədov: “Hesab edirəm ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və onlara qarşı sərt tədbirlər görülməlidir”
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən məlum cinayət əməlinə bəzi KİV-lərdə və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan şərhlər verilir.
Bir qrup insan bu hadisəni guya xalqın məmurlara qarşı qəzəbinin göstəricisi kimi qələmə verir və digər məmurlara qarşı da analoji halın təkrarlanması üçün çağırışlar edirlər. Onlar bu yazılar, şərh və fikirlərlə insanları məmurlara qarşı cinayətə təhrik etmək məqsədi güdürlər. Bundan başqa, icra başçısını güllələyən şəxsi -Yunus Səfərovu “qəhrəman” adlandıraraq iddia edirlər ki, guya o, bu cinayəti E.Vəliyevin xalqa etdiyi “zülmə” görə törədib.
Terrorçunu haqqın, ədalətin tərəfdarı kimi qələmə verən, insanları məmurlara qarşı cinayət törətməyə çağıran elektron və yazılı KİV-lərə, “Facebook” və digər sosial şəbəkə istifadəçilərinə qarşı hüquq-mühafizə orqanları nə kimi sərt tədbirlər görməlidirlər?
Hüquqşünas Şahin Camalov bizimlə söhbətində bildirdi ki, KİV-lərin, sosial şəbəkələrin insanları terrora səsləməsi, cinayətlərə təhrik etməsi yolverilməzdir. O hesab edir ki, hüquq-mühafizə orqanları bu kimi çağırışlar edən insanlara qarşı sərt tədbirlər görməlidirlər. Ş.Camalovun sözlərinə görə, terrora çağırış özü böyük cinayətdir: “Qeyd edim ki, Gəncə şəhər icra başçısına qarşı silahlı hücum Azərbaycan Prezidentinə, Azərbaycan dövlətinə qarşı atılmış addımdır, cinayət hadisəsidir. Ona görə də dövlət mütləq öz iradəsini ortaya qoymalıdır. Dövlətə qarşı, eləcə də məmurlarla bağlı insanları cinayətə təhrik edən çağırışlar etmək, mitinqlərə səsləməyin özü çox böyük hüquq pozuntusudur. Hesab edirəm ki, hüquq-mühafizə orqanları KİV-lərdə, sosial şəbəkələrdə bu kimi çağırışlar edən insanlara qarşı tədbirlər görməlidirlər. Onlara qarşı sərt tədbirlər görülməlidir. Onsuz da Azərbaycanda qanunlar kifayət qədər sərtdir. Düşünürəm ki, o çağırışları edən insanlara qarşı hüquqi məsuliyyət tədbirləri həyata keçirilməlidir. Buna qanunvericilik kifayət qədər imkan verir ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırsınlar və bununla bağlı tədbirlər görsünlər. Sosial şəbəkələr də KİV hesab olunur və kütləvi informasiya vasitələrində dövlətə qarşı çağırışlar etmək, insanları kütləvi iğtişaşlara səsləmək qadağandır. Bununla bağlı aidiyyəti qurumlar tədbir görürlər, görməlidirlər də. Çünki insanları kütləvi iğtişaşlara çağırmaq, terrora dəstək vermək dövlətə qarşı atılan addımlardır. Hesab edirəm ki, bununla bağlı dövlət öz mövqeyini ortaya qoyacaq”.
Hüquqşünas Sahib Məmmədov da bildirdi ki, sosial şəbəkələrdə və bəzi KİV-lədə terrorçunu, cinayətkarı dəstəkləyən yazıları, çağırışları pisləyir. “Təəssüf edirəm ki, ölkədəki bəzi siyasi qüvvələr bunu açıq şəkildə etməsələr də, öz üzvləri tərəfindən həyata keçirirlər. Bu biabırçılıqdır, ən azı terroru dolayı yolla dəstəkləməkdir. Ölkədəki və xaricdəki bəzi qüvvələr terroru dəstəkləyən məsuliyyətsiz çağırışlar edirlər və bəzi siyasi qüvvələr də buna qarşı susurlar. KİV-lərdə və sosial şəbəkələrdə çağırışlar edənlərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmalıdır. Yəni bu sadəcə çağırışdır, yoxsa bunun arxasında ölkənin Konstitusiya quruluşunu dəyişməklə bağlı hansısa bir məkrli niyyət durur? Sözsüz ki, bu çağırışlarla bağlı ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanları tədbirlər görməlidirlər. Bu açıq şəkildə terroru dəstəkləməkdir. Onlar xüsusi plakatlar düzəldib üzərinə “Yunis Səfərov qəhrəmandır, Allahın göndərdiyi adamdır” və s. sözlər yazırlar. Bu böyük təxribatdır, bu təxribatın isə qarşısı sərt şəkildə alınmalıdır. İnsanları nifrətə, qarşıdurmaya səsləyən fikirlər yayırlar. Bu çox zərərlidir və burada cinayət təqibinə əsas yaradan məsələlər var. Hesab edirəm ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və onlara qarşı ən sərt tədbirlər görülməlidir”.
İradə SARIYEVA