Seyid Camal Əzimbəyli: “Səfirliklərimizə də belə mühüm məsələlərin dərhal gündəmə gətirilməsi ilə bağlı operativ olmalarına dair tapşırıqlar verilməlidir”
Ötən həftə erməni katolikosu II Qaregin ənənəvi təcrübəsindən istifadə edib, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində azad edilmiş Naxçıvanın sərhədboyu ərazilərinin qarşı tərəfində, təmas xəttində xidmət keçən erməni hərbçilərlə görüşüb, onlar üçün dua edib.
II Qaregin indiyədək dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb, konfliktin dinc yolla nizamlanmasına səy göstərəcəyini vəd edib. Elə sonuncu dəfə 2016-cı ilin payızında, aprel döyüşlərindən sonra səngiməyən gərgin şəraitlə bağlı Rusiya patriarxı Kirillin təşəbbüsü ilə bir araya gəlmişdilər. Ondan əvvəlsə danışıqları dövlət sərhədində davam etdirmək təşəbbüsü dəstəklənmişdi.
Erməni katolikosunun Naxçıvanla təmas xəttində peyda olması da onun gerçək mahiyyətini ortaya çıxarır. O, birbaşa işğalın, müharibənin tərəfdarı olduğunu ortaya qoyur. Çox maraqlıdır ki, onun missiyası ilə üst-üstə düşməyən fəaliyyətilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən heç bir münasibət bildirilməyib. Qareginin məlum əməli necə dəyərləndirilməlidir və QMİ buna hansı formada reaksiya verməlidir?
Mövzuya münasibət öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlamq cəhdlərimiz alınmadı.
Şərqşünas Seyid Camal Əzimbəyli isə qəzetimizə açıqlamasında bildirdi ki, Qareginin son əməli onun əsl simasını bir daha açıb ortaya qoymuş oldu: “Bu əməl, birmənalı olaraq, erməni dini rəhbərinin səmimi olmamasının, öz missiyası ilə uzlaşmayan fəaliyyətlə məşğul olmasının göstəricisi sayıla bilər. Bilirsiniz ki, Rusiya dini rəhbərinin təşəbbüsü ilə üçtərəfli görüş baş tutub. Orada aparılan danışıqlarla Qareginin bu əməli qətiyyən üst-üstə düşmür. Həmin görüşdə Qaregin bütün səmavi dinlərin insanlığa, barışa xidmət etməli olduğunun zəruriliyini diqqətə çatdırıb. İndi isə gedib təcavüzkar erməni ordusunun əsgərlərini müharibəyə, növbəti qanların tökülməsinə ruhlandırır. Bu əməl, birmənalı olaraq, din rəhbərinin işğala, təcavüzə haqq qazandırması anlamına gəlir. Qaregin bununla, eyni zamnda, terroru dəstəklədiyini əyani sübut etmiş olur. Bunu bütün dünya gördüyü halda, təəssüf ki, bizim diplomatiyamız bir qədər zəif tərpənir. İdeoloji baxımdan dərhal buna reaksiya verilməlidir. Siz bir qəzet olaraq çox peşəkarcasına bunu edirsiniz. Axı bu kifayət etmir. Qareginin məlum əməli bizə əsas verir ki, bütün səfirliklərimiz səviyyəsində onun simasını ifşa edək. Bizim səfirliklərimiz dərhal həmin hadisə ilə bağlı mətbuat konfransları keçirməli idi. Erməni dini liderlə bağlı aparacağımız haqlı təbliğat yalnız daxili auditoriyamız üçün nəzərdə tutulmamalıdır. Biz xaricə də sübut etməliyik ki, onların hətta dini lideri belə təcavüzü təbliğ edir. Qaregin bu əməllərini Dağlıq Qarabağda da edib. Qafqaz Müsəlmanları İdarəsinin məsələyə münasibət bildirməsi yaxşı olardı və yəqin ki, bunu edəcək. Çünki bu mənim səlahiyyətimə aid olmayan məsələdir. İdeoloji baxımdan mətbuat, QHT-lər, diaspor təşkilatları bu məsələni sizin kimi gündəmə daşımalıdırlar. Hesab edirəm ki, səfirliklərimizə də belə mühüm məsələlərin dərhal gündəmə gətirilməsi ilə bağlı operativ olmalarına dair tapşırıqlar verilməlidir”.
Məhəmmədəli QƏRİBLİ