9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə XİN-in 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində tanış olmaq üçün Tərtər rayonuna səfər edib.
Bunu "Trend"-ə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Bu səfər, həmçinin, Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edir. Səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa-150 abidəsinə baş çəkib. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar. 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən kəndin mülki sakinləri və onları evləri ağır silahlardan atəşə tutulmuşdu. Dövlət başçısının tapşırığı ilə dağıntıya məruz qalmış evlər bərpa və təmir edilərək öz sahiblərinə təhvil verilib. Diplomatlar Qapanlı kəndində yaşayan və 4 ildir Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun anasının evini də ziyarət edib. Daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə Nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə nahar ediblər. Bu ən unudulmaz və dadlı naharlardan biri olmuşdur. Səfər çox faydalı olmuşdur. Səfər əsnasında əldə edilən məlumatlar diplomatlarımız tərəfindən gələcək fəaliyyətlərində istifadə olunacaq.