İlqar Hüseynli: “Azərbaycana gələn xarici turistlər tək millətimizin mental dəyərlərini deyil, eyni zamanda, təhlükəsizlik qaydalarına yüksək səviyyədə nəzarət olunmasını rəğbətlə qarşılayırlar və bu da keçirilən sorğularda öz əksini tapır”
Amerikanın ictimai rəy institutu olan "Gallup" 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını yayıb. Azərbaycan Amerikanın ictimai rəy institutu olan "Gallup"un versiyasına görə, 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib. Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17-ci, Ermənistan 69-cu, Türkiyə 72-ci, Rusiya isə 98-ci yeri tutub.
Sorğu zamanı sakinlərə gecələr şəhərdə tək gəzməyin mümkünlüyü, polisin işindən razılıq və son 12 ay ərzində onlara qarşı hücum və ya qarət aktının qeydə alınıb-alınmaması ilə bağlı suallar ünvanlanıb.
Sorğunun yekununda reytinq tərtib olunub və ona Sinqapur liderlik edib. Siyahıda ikinci yeri Norveç, İslandiya və Finlandiya bölüşüb.
İlk onluğa Özbəkistan, Honkonq, İsveçrə, Kanada, İndoneziya, Danimarka, Sloveniya, Lüksemburq, Avstriya, Çin və Niderland daxil olub. Siyahının sonuncu yerlərində Cənubi Sudan, Əfqanıstan və Venesuela qərarlaşıb.
Ən təhlükəsiz ölkələr siyahısında Azərbaycanın 25-ci yerdə qərarlaşması barədə fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təhlükəsizliklə bağlı sorğular aparılarkən bir çox kriteriyalar nəzərə alınır: “Onlardan ən vacibi ölkələrdəki beynəlmiləl və tolerantlıq mühiti, terror hadisələrinin yaşanıb-yaşanmaması, ölkəyə giriş-çıxışa nəzarətin hansı formada tətbiq olunmasıdır. Bəllidir ki, Azərbaycanda “Asan Viza” sistemi tətbiq olunub. İstənilən xarici vətəndaş evində olarkən rahat şəkildə viza əldə edə bilər. Viza sisteminin mövcud olması ölkənin təhlükəsizliyinə zəmanət verir”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın təhlükəsiz ölkə kimi 25-ci yerdə qərarlaşması səbəblərindən biri də ölkəmizə səfər edən turistlərin sərbəst şəkildə istirahət etməsi ilə bağlıdır: “Azərbaycana gələn xarici turistlər tək millətimizin mental dəyərlərini deyil, eyni zamanda, təhlükəsizlik qaydalarına yüksək səviyyədə nəzarət olunmasını rəğbətlə qarşılayırlar. Onlar bu barədə öz ölkələrində keçirilən sorğularda qeyd edirlər”.
İ.Hüseynli onu da qeyd etdi ki, Azərbaycan beynəlxalq terrorizmlə bağlı Amerika ilə əməkdaşlıq edir. Bütün bunları nəzərə alsaq, reytinq sıralamasında Azərbaycanın adının 25-ci yerdə olması gözlənilən idi: “Doğrudan da 142 ölkə arasında Azərbaycanın 25-ci yerdə olması tam məntiqə uyğundur”.
Günel CƏLİLOVA