Arzu Nağıyev: “Ölkənin təhlükəsizliyində mühüm halqa sayılan enerji təhlükəsizliyimiz daha da zəmanətli olacaq”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. Həmin müşavirədə ölkə başçısı yaranmış vəziyyətə münasibət bildirməklə yanaşı, bəzi qurumların rəhbərlərinin məruzəsini də dinləyib.
Ölkə başçısı qəza ilə bağlı birbaşa məsuliyyət daşıyan məmurların fəaliyyətini ciddi tənqid edib. İlham Əliyev, eyni zamanda, həmin həssas günlərdə işini düzgün təşkil edən qurumların fəaliyyətinə də müsbət qiymət verib. Müşavirədəki çıxışlardan sonra məlum oldu ki, ölkənin energetika sahəsində ciddi işlərin görülməsinə ehtiyac var. Ölkə başçısının energetika sahəsilə bağlı məmurlara verdiyi suallardan da aydın oldu ki, İlham Əliyev həmin sahəyə dərinliyinə qədər bələddir. Bu baxımdan da keçirilən müşavirədən hansı nəticələrin əldə olunacağı ilə bağlı gözləntilər var və məlum müşavirənin ümimi əhəmiyyətini necə dəyərləndirmək olar?
Politoloq Arzu Nağıyevin sözlərinə görə, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşandığı sirr deyil: “Bu baxımdan da qeyd etdiyiniz formatda bir müşavirənin keçirilməsi zərurəti ortaya çıxdı. Azərbaycan Prezidenti, ümumiyyətlə, hər zaman üç məsələni prioritet istiqamət olaraq qarşıya qoyub: Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, ölkənin milli təhlükəsizliyinə təhdidin qarşısının alınması, müstəqilliyimizin qorunması. Müşavirədə Prezident İlham Əliyev hər zaman söylədiyi “biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını ortaya qoydu. Azərbaycan dövlətinə, dövlətçiliyinə, hər bir Azərbaycan vətəndaşına olan təhlükənin, təhdidin qarşısını almaq üçün hər bir məmur cavabdeh olmalıdır. Prezidentin də qeyd etdiyi kimi, strateji əhəmiyyət kəsb edən metropoliten, xəstəxanalar, hətta uşaq bağçaları və sairdə generatorların, alternativ enerji mənbələrinin olmasına ehtiyac var. Dünya praktikasında da belə qəzalar olub. Ancaq qəza lokal xarakter daşımalıdır, ölkə baş verən qəzaya hazırlıqlı olmalıdır. Prezident də bunu vurğuladı”. Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin məmurlara tutduğu irad da yerindəydi: “Prezident İlham Əliyev məsələlərin başvermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya, heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaq. Digər tərəfdən, istintaq qrupu da bu məsələni araşdırır. Baş Prokurorluğun verdiyi məlumata görə, artıq bir neçə maddələr üzrə cinayət işi açılıb. Müvafiq qərarların qəbul olunacağı şübhəsizdir. Bu müşavirənin çox böyük əhəmiyyəti olacaq. Əvvəla dövlətin vəsaitini lazımi istiqamətdə xərcləməyən cavabdeh şəxslər cəzalandırılacaq. Enerji sektorunda yaranmış problem köklü şəkildə aradan qaldırılacaq. Ölkədə olan bütün elektrik stansiyalarının fəaliyyəti tam gücü ilə bərpa ediləcək. Məmurların bu sahəyə diqqəti və məsuliyyəti artacaq. Ölkənin təhlükəsizliyində mühüm halqa sayılan enerji təhlükəsizliyimiz daha da zəmanətli olacaq”.
Məhəmmədəli QƏRİBLİ