Məhəmməd Əsədullazadə: “Yenidən bu qətnamənin gündəliyə çıxarılması özü bir siyasi gedişdir”
“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər. Xəbər verildiyi kimi, bu, 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb. Sözügedən iş proqramında bildirilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün, ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.
Bundan başqa, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihəsi də yenidən sessiyanın gündəliyinə daxil edilə bilər. Sessiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlığın da müzakirəsi istisna deyil. Məlumat üçün qeyd edək ki, BMT Baş Assambleyasının 73-cü sessiyası 18-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.
Görünən odur ki, “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi gündəliyə salına da bilər, salınmaya da. Hər halda, bu, qarşıdakı dövrdə gedən proseslərdən asılı olacaq. Azərbaycan bəzi hallarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlara xələl gəlməsin deyə, bu məsələdə təmkin nümayiş etdirir. Ancaq müşahidələr göstərir ki, Ermənistan bütün bunları düzgün dəyərləndirmir və münaqişənin həllini uzatmağa çalışır. Bütün bunların fonunda, ekspertlər məsələ ilə bağlı gözləntiləri necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Sentyabrda BMT-nin növbəti toplantısı keçiriləcək. BMT-nin Baş Assambleyasının 73-cü sessiyası olacaq bu toplantıda dünyada siyasi-iqtisadi və hərbi məsələlər müzakirə olunacaq. Burada dünyanın müstəqil dövlətləri təmsil olunurlar və hər bir ölkə bu assambleyada iştirak edərək öz problemlərini BMT kürsüsündən dünyaya çatdırır. Azərbaycan da bu toplantıda iştirak edəcək. Qeyd edim ki, ölkəmizin ən ağrılı problemi olan işğal faktoru buradan səslənir. Ermənistanın təcavüzkar siyasəti dünya ölkələrinin diqqətinə çatdırılır. Qeyd edim ki, burada qaldırılan problemlər xüsusi əhəmiyyət kəsb edir və BMT-nin ali hüququnun dəstəyini qazanır. Bu toplantıda Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət adlı qətnamənin gündəliyə salınması ölkəmizə bir daha Ermənistanı işğalçı ölkə kimi dünya miqyasında ifşa etməyə meydan yaradır. Əgər bu qətnamə gündəliyə çıxarılarsa, Azərbaycana tam hüquq veriləcək ki, işğal olunmuş ərazilərinə nəzarəti bərpa etsin. Təəssüf ki, ATƏT-in Mİnsk Qrupu daim münaqişənin BMT səviyyəsinə çıxarılmasının əleyhinə olub və burada təmsil olunan həmsədrlər buna imkan verməyiblər. Buna baxmayaraq, yenidən bu qətnamənin gündəliyə çıxarılması özü bir siyasi gedişdir. Hesab edirəm ki, ölkəmiz Türkiyə ilə birgə bu məsələni gündəliyə çıxarmalıdır. Hazırda Minsk Qrupunun apardığı danışıqlar formatı uğursuzdur və bu qətnamə günədliyə çıxarılarsa, təbii ki, ölkəmizin uğuru olmaqla yanaşı, Ermənistanın adı dünyada bir daha işğalçı kimi hallanacaq. Qeyd edim ki, dünyada davam edən gərginlik, geosiyasi qarşıdurmalar və Suriyada, Yəməndə müharibə BMT-nin diqqətini bu regionlara cəlb etməsinə səbəb olacaq. Azərbaycan bu məsələlərdə prinsipial olmalı və ərazi bütövlüyünü bərpa etməyə çalışmalıdır. Həmçinin, işğal olunmuş ərazilərdə vəziyyəti nəzarətdə saxlamalıdır”.
Vidadi ORDAHALLI