Musa Qasımlı: “Hesab edirəm ki, bu müşavirədən sonra qəbul ediləcək qərarlar ölkəmizin enerji təhlükəsizliyinin daha etibarlı və...”
Məlum olduğu kimi, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ölkənin paytaxtında və bir çox bölgələrində enerji təminatı sahəsində yaranmış problemlər, bəzi cavabdeh qurumların hadisəyə adekvat olaraq davranmaması ölkə ictimaiyyəti ilə yanaşı, dövlət başçısının da narazılığına səbəb olub.
Məhz bu səbəbdən Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə məsələ ilə bağlı ciddi narahatlıq və etirazını ifadə edib: "Bir qəza nəticəsində, demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır”.
Görünən odur ki, ölkənin enerji sistemində yaranan xoşagəlməz vəziyyət bəzi məmurların, eləcə də kadrların öz yerində olmadıqlarını, vəzifələrinin məsuliyyətini anlamadıqlarını və anlamaq istəmədiklərini bir daha ortaya qoymuş oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etdiyi bir məqamda özü enerji problemi ilə üzləşmiş olur. Çünki aidiyyəti qurumlar üzərlərinə düşən vəzifələrin icrasına məsuliyyətsiz yanaşırlar. Ona görə də bu məsələdə cavabdeh olanlar cəzalandırılmalıdır ki, növbəti dəfə bənzər xoşagəlməz hallar yaşanmasın. Bu baxımdan, obyektiv araşdırmaların aparılması və günahkarların cəzalandırılması sözügedən sahədə problemlərin həllində necə rol oynayacaq?
Sözügedən məsələyə münasibət bildirən millət vəkili Musa Qasımlının fikrincə, hadisəyə görə məsuliyyət daşıyanlar ciddi cəzalandırılmalıdır ki, strateji sahələrə məsul olan digər şəxslərə də dərs olsun: “Prezidentin keçirdiyi müşavirəyə diqqətlə baxdım. Dövlət başçısının baş vermiş hadisəyə dair məsələni qoyması, ona yanaşması, mövqeyi və apardığı dərin təhlil tamamilə düzgün idi. Hər şeydən əvvəl, hadisə olan kimi Prezident İlham Əliyevin yaranmış şəraiti bilavasitə öz nəzarətinə götürməsi və komissiya yaratması fövqəladə hallar zamanı dövlət idarəçiliyinin çevikliyini, funksionallığını bir daha təsdiq etdi. Tarixdən məlumdur ki, bəzən xoşagəlməz hadisələr özlərinin ardınca daha yaxşı işlərin görülməsini zəruri edir. Ona görə də hesab edirəm ki, bu müşavirədən sonra qəbul ediləcək qərarlar ölkəmizin enerji təhlükəsizliyinin daha etibarlı və alternativ vasitələrlə təmin olunmasında yeni bir səhifə açacaq. Bu səhifəni də cənab Prezident yazacaq. Ölkəmizin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Quba və digər iri şəhər və sənaye mərkəzlərinin, o cümlədən, strateji əhəmiyyət daşıyan obyektlərin alternativ mənbələrdən elektrik enerjisi ilə təmin edilməsi zərurətə çevriləcək. Xüsusən təkcə su elektrik stansiyaları deyil, dünyada geniş istifadə edilən külək, günəş enerjisi ilə təminat məsələlərinin həllinin önə çıxacağını düşünürəm. Digər tərəfdən, bu hadisəyə görə məsuliyyət daşıyanların ciddi cəzalandırılması da vacibdir ki, strateji sahələrə məsul olan digər şəxslərə də dərs olsun”.
Vidadi ORDAHALLI