Cəbrayılın Cocuq Mərcanlı kəndində Rusiyadan gəlmiş nümayəndə heyətinin iştirakı ilə keçirilən beynəlxalq konfransda səslənən fikirlər bir daha onu göstərdi ki, bölgədə Moskvanın etibar edə biləcəyi yeganə tərəfdaş qismində yalnız Azərbaycan çıxış edə bilər. Bunun rus ekspertlər tərəfindən açıq etiraf olunması işğalçı Ermənistanda böyük ajiotaj yaradıb.
Bir daha qeyd edək ki, Cocuq Mərcanlı kəndində rusiyalı, azərbaycanlı ekspert və deputatların iştirakı ilə “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib. Burada ümumi fikir Azərbaycanın Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi olması, işğal altındakı ərazilərdən erməni qoşunlarının çıxarılmasının vacibliyi olub. Hətta son günlərə qədər bu məsələdə ehtiyatlı açıqlamalar verən Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin belə erməni tərəfini işğalçı adlandıraraq, işğal altındakı torpaqların boşaldılmasının zərurilyini bəyan edib: “Bir çoxları səhvən düşünür ki, Rusiya ilə Ermənistan arasındakı tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur. Əslində bu belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir. Konfransın Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir və bu, dünya birliyinin mövqeyidir”. Bütün bunlar, qeyd olunduğu kimi, Ermənistanda ciddi təşviş yaradıb. Amma belə görünür ki, İrəvan Rusiyanı daha da qəzəbləndirəcək gedişlər etməkdən də çəkinmir. Hətta belə bir vaxtda baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çıxarmaq niyyətinə düşməsi haqda da məlumat yayılıb. Bundan əvvəl isə Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Aykakan jamanak” qəzeti belə məlumat yaymışdı ki, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır. Burada qeyd olunurdu ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir: “Hətta Rusiyaya heç də az “sadiq“ olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin qarşılığında xeyli məbləğdə pul alır. “Metsamor“ AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır. Rusiya erməni maraqlarını hesaba almayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır. Bütün bunlara görə Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması məsələsinə yenidən baxılmalı, icarə haqları qaldırılmalıdır”. İndi bunun ardınca Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çıxarmaq niyyətinə düşməsi Moskvanın proseslərə daha sərt yanaşmasına rəvac verir. Hadisələrin bu səpkidə inkişafının Ermənistan üçün böyük təhdid yaratdığını İərvanda görənlər, Rusiyanın könlünü almağa çalışanlar da var. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bildirir ki, əslində, bu gün Ermənistanın bir dövlət kimi mövcudluğu və təhlükəsizliyinin qarantı Rusiyadır. Onun dediklərindən aydın olur ki, Ermənistan avroatlantik əməkdaşlığa qoşulmaq istəyərdi. Lakin bu, kifayət qədər vaxt tələb edən prosesdir. Bu mənada, Zohrab Mnatsakanyan, təhlükəsizliyi təmin edən üçüncü tərəf - Rusiya olmasa, Ermənistanın Azərbaycan və Türkiyənin gücü qarşısında aciz qalacağını etiraf edib: “Bu gün Ermənistanın təhlükəsizliyini Rusiya təmin edir. Bu cür köməyi göstərməyə hazır olan başqası varmı? NATO-nun üzvü olmaq istəyən ölkələrə, Gürcüstan və Ukraynaya baxın. Onlar 10 ildir ki, növbədə dayanıblar. Amma biz təhlükəsizlik vakuumunda hətta 10 dəqiqə belə qalmağı gözə ala bilmərik. Azərbaycan və Türkiyə 27 ildir ki, Ermənistanı blokadada saxlayır. Bu bizim təhlükəsizliyimiz üçün həyati təhdidlər yaradır". Lakin bu reallığa baxmayaraq, son dövrlərdə İrəvan Rusiyaya qarşı gedişlərindən də əl çəkmir. Belə ki, erməni və rus mediasında baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çıxaracağı və ölkə sərhədlərinə nəzarəti daxili qoşunlara həvalə edəcəyi ilə bağlı məlumatlar yayılıb. Kremlə yeni sarsıdıcı zərbə planı barədə “Baqramyan 26” erməni intenret kanalı bildirir ki, Nikol Paşinyan Rusiyanın Federal Təhlükəszilik Xidməti (FTX) əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhədinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşır. Xatırladaq ki, Ermənistan özü 1992-ci ildə ölkənin Türkiyə və İran sərhədinin qorunması üçün Rusiya FTX-nın sərhəd xidməti ilə müqavilə imzalayıb. İndi Paşinyan vəziyyəti dəyişir. Bununla bağlı məlumatda qeyd olunur ki, Paşinyan Ermənistan-Türkiyə sərhədindəki Rusiya xüsusi xidmət orqanları işçilərini Ermənistan daxili qoşunlarının bölmələrilə əvəz etmək istəyir. Hazırkı Ermənistan hökumətində bu ideyanın dəstəklənməsinin bir neçə səbəbinin olduğu deyilir. Əvvəla, Paşinyan hesab edir ki, erməni xalqı qəsbkar Serj Sarkisyanın əmrilə müxalifətə təzyiq edən daxili qoşunların daha xeyirli işlə məşğul olmasına sevinəcək. İkincisi, onlar öz ərazilərində yad ölkənin xüsusi xidmət orqanlarını görmək istəmirlər. “Baqramyan 26” bildirir: “Sərhədlərimizdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları nəyimizə lazımdır? Əlbəttə ki, sərhədlərimizi qorumağa adam varsa, heç nəyə”. Həmçinin vurğulanır ki, Paşinyanın bu addımı atmaqda əsas məqsədlərindən biri gələcəkdə daxili qoşunlardan müxalifətə qarşı istifadə olunmasının qarşısını almaqdır. Çünki Ermənistanın siyasi həyatında nələrin baş verəcəyini öncədən proqnozlaşdırmaq, Paşinyanın uzun müddət hakimiyyətdə qala biləcəyini ehtimal etmək çətindir. Digər başlıca səbəb isə Azərbaycan faktorudur. Bildirilir ki, son zamanlar Azərbaycan qoşunlarını Dağlıq Qarabağ ətrafına cəmləşdirir. Bu mənada, Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığı nəzərə alınsa, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən daxili qoşunların Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunur ki, bu halda Türkiyə ilə sərhədi qoruyan rus qoşunlarına “sağ ol” deyərək, onları öz evlərinə və ya Krıma yollamaq olar: “Nəticədə, bu yolla yaxın zamanlarda Ermənistanın bütün sərhəd ərazilərinə sırf erməni qüvvələri nəzarət edəcək. Və Türkiyə tərəfindən hansısa təhlükə yaranarsa, bizim 102-ci hərbi bazamız var”. Yayılan xəbərlərə müstəqil erməni ekspertlərin reaksiyası birmənalı olmayıb. Onların fikrincə, bu addım təqdirəlayiq olardı. Lakin Ermənistan daxili qoşunlarının sərhəd-nəzarət və təhlükələrə operativ reaksiya təcrübəsi yoxdur. Bu bir qədər vaxt apara bilər. Paşinyanın bu niyyətinə ən böyük maneə isə Moskvadır. Kreml çətin ki, Rusiyanın regionda NATO ilə birbaşa sərhədə çıxışını təmin edəcək yeganə imkanının “əlindən alınmasına” icazə versin. Bu, Moskva üçün strateji məsələdir. Rusiya isə, güman ki, idman bayramı və həm də ölkə rəhbərlərinin maraq göstərdikləri futbol üzrə dünya çempionatını normal ab-havada bitirəndən sonra Kremlin sınaqdan keçmiş metodlarını gizli xidmətin əli ilə işə salacaq. Bu işdə isə əsas rolu erməni millətindən olan agentlər oynayacaq. Çünki Moskva İrəvanın nəzarətdən çıxdığını görür və onu cəzalandırmaq qaçılmaz sayılır. Rusiya və Ermənistan arasında münasibətlərin pisləşməsi dinamizmi ilə seçilir. İrəvanın Brüssellə yaxınlaşması soyuqluğu birə beş artırır. Digər tərəfdən, Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalayandan sonra həm də NATO strukturları arasında özünə yuva axtarmağa başlayıb. Ermənistanla Rusiyanın arasının dəyməsi isə Qarabağ məsələsində ermənilərin azərbaycanlılarla üzbəsurət qalmasına gətirib çıxara bilər ki, bu da Moskvanın Ermənistana yönəlik Qarabağ cəzası sayılır və bu vəziyyət öz növbəsində konfliktin həllini tezləşdirə bilər. Məsələnin bu tərəfinə nəzər salan millət vəkili Asim Mollazadə də bildirir ki, Azərbaycan Rusiyanın Ermənistanı sülhə məcbur etməsini gözləyir. Deputat son zamanlar Moskvanın İrəvanla münasibətlərinin pisləşməsinə də toxunub: “Ermənistan müstəqil dövlət deyil və yenə də bütün məsələlərdə Rusiyadan asılı vəziyyətdədir. Ancaq Rusiya-Azərbaycan münasibətləri müsbət istiqamətində inkişaf etdiyindən, Moskvanın Dağlıq Qarabağ məsələsinin həllində müəyyən addımlar atacağına ümidvarıq. Rusiya səmimi olaraq münaqişənin həllində nəsə etmək istəyirsə, ilk növbədə Ermənistanı sülhə məcbur etməlidir. Azərbaycan, hər zaman olduğu kimi, yenə də münaqişənin sülh yolu ilə həllində maraqlıdır və o üzdən Rusiyanın Ermənistanı sülhə məcbur etməsini gözləyir. Rusiyadan çox şey asılıdır”. Moskva isə yaranmış vəziyyətdə regionda əsas mütəffiqi olan Azərbaycanı da itirmək istəmirsə, Qarabağ məsələsində fəal hərəkətə keçməlidir. Rusiyalı politoloq Valeri Korovin də Rusiyanın Ermənistanı cəzalandırmasını və bu zaman Qarabağ kartından istifadəni istisna etmir: “Hər şeyi öz adı ilə çağırsaq, Paşinyan hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlib. Əlbəttə, burada ABŞ-ın iştirakı olmadan ötüşülməyib, yoxsa Amerika İrəvanda bu böyüklükdə diplomatik korpusu niyə saxlasın ki?! Nə olubsa olub, nəhayətdə, erməni xalqı bu hökumətlə yaşamalıdır. Lakin bununla belə, Moskva maraqlıdır ki, bu ölkədə əvvəlki kurs saxlanılsın. Əks halda Qarabağ məsələsindən tutmuş Ermənistan daxilinə qədər proseslərdə çox şey baş verə bilər. İrəvan bunu nəzərə almalıdır”. Beləliklə, proseslər göstərir ki, geosiyasi müstəvidə yeniliklər Qarabağ məsələsinin həllini sürətləndirə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.