Ənvər Çingizoğlu: “Bu sessiya vasitəsilə biz beynəlxalq aləmin diqqətini erməni işğalında olan torpaqlarımıza və hələ də taleyi naməlum qalan abidələrimizə yönəldə bilərik” Fariz Xəlilli: “UNESCO-nun bu sessiyasının ölkəmizdə keçirilməsi bizə imkan verəcək ki, işğal altında olan abidələrimizin durumu ilə bağlı keçirdiyimiz narahatlığı beynəlxalq aləmə çatdıraq”
Azərbaycan və UNESCO arasındakı əməkdaşlıq nəticəsində bir sıra maddi və qeyri-maddi irs nümunələrimiz bu qurumda qeydiyyatdan keçib. Sirr deyil ki, bu, ölkəmizlə UNESCO arasındakı davamlı, etibarlı, səmərəli əlaqələr nəticəsində baş verib.
Hər zaman Azərbaycan bu mötəbər qurumun etibarlı tərəfdaşı olaraq özünü təqdim etməyi bacarıb və respublikamız UNESCO-nun bir neçə tədbirinə uğurla evsahibliyi edib.
2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi edəcək. Mətbuatın yazdığına görə, bu barədə Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirlikləri birgə məlumat yayıb.
Qeyd edilənə görə, hazırda Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir. İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə olunub, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.
İclasda növbəti il üçün komitənin sədri və 43-cü sessiyaya evsahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb. Yekun qərara əsasən, mədəniyyət naziri Əbülfəs Qarayev komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan evsahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2 minədək nümayəndənin iştirakı gözlənir.
Məlumdur ki, Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə evsahibliyi etmək və eyni zamanda komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.
Qeyd edilənə görə, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycanın evsahibliyi etməsi işğal altında olan torpaqlarımızdakı abidələrin taleyinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, o abidələrin hazırkı durumunu araşdırmaq baxımından nə kimi imkankar yaradacaq?
Etnoqraf-alim Ənvər Çingizoğolu bizimlə söhbətində bildirdi ki, Azərbaycan UNESCO-ya daxil olandan indiyə qədər bu qurumla səmərəli sıx əməkdaşlıq əlaqələrinə malikdir. Ə.Çingizoğlunun sözlərinə görə, dəfələrlə Azərbaycan dövləti UNESCO, eləcə də digər humanitar və siyasi beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın işğal altında olan torpaqlarının taleyi, eləcə də yağı tapdağında olan abidələrin vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. “Respublikamızın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi etməsini müsbət qarşılayıram. Bu, Azərbaycan və UNESCO arasındakı çox səmərəli əlaqələrin bəhrəsidir. UNESCO həmişə ölkəmizə ən etibarlı, dəyərli tərəfdaş kimi yanaşıb. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva uzun illərdir Azərbaycanın maddi və qeyri-maddi irs nümunələrinin bu quruma daxil edilməsi ilə bağlı çoxşaxəli, səmərəli işlər görür. Bu işlər nəticəsində də bir sıra maddi və qeyri-maddi irs nümunələrimiz UNESCO-ya daxil olunub. Gələn il Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi edəcək. Hesab edirəm ki, bu tədbirdə əsas diqqəti işğal altında olan abidələrin taleyinə yönəltməliyik. Çünki bizim bu gün o abidələrin taleyi ilə bağlı dəqiq məlumatımız yoxdur. Qarabağda, Kəlbəcərdə, Laçında nəinki Azərbaycan, hətta dünya əhəmiyyətli abidələrimiz var. Azıx mağarası, Tağlar mağarası, digər qədim yaşayış məskənləri, tarix mədəniyyət abidələri, kurqanlar erməni tapdağındadır. Düşünürəm ki, sessiyaya qədər işğal altında olan abidələrimizin tam siyahısı hazırlanmalı və onlar haqqında ətraflı məlumatlar sessiyanın gündəliyinə çıxarılmalıdır. Bu sessiyanın ölkəmizdə keçirilməsi müsbət haldır və sessiyada iştirak edən dövlətlərə işğal altında olan abidələrimizin harayını yenidən çatdırmalıyıq. Mənə belə gəlir ki, respublikamızın UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi etməsi bizə şərait yaradacaq ki, yağı tapdağında olan abidələrimiz haqqında beynəlxalq aləmə yenidən məlumat verək. Bu sessiya vasitəsilə biz beynəlxalq aləmin diqqətini erməni işğalında olan torpaqlarımıza və hələ də taleyi naməlum qalan abidələrimizə yönəldə bilərik. Bu gün Qarabağda yüzlərlə abidəmiz var ki, onlar dünyanın maddi-mədəni irsi üçün çox əhəmiyyətlidir. Bilirsiniz ki, ermənilər torpaqlarımızı işğal etdikdən sonra buradakı abidələrin vəziyyəti ilə tanış olmaq üçün beynəlxalq missiyanın qəsb edilmiş torpaqlarımıza gəlməsi üçün şərait yaratmırlar. Biz sessiyanın gedişi zamanı bu məsələni xüsusi qabartmalıyıq ki, qoy ermənilərin necə böyük cinayətkar olduğunu beynəlxalq aləm bir daha bilsin” - deyə Ə.Çingizoğlu bildirdi.
MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, mədəni irs üzrə mütəxəssis Fariz Xəlillinin fikrincə də bu sessiyaya ölkəmizin evsahibliyi etməsi işğal altında olan abidələrimizin səsini beynəlxalq ictimaiyyətə çatdırmağımızda əsaslı rol oynayacaq. Ekspertin sözlərinə görə, bu gün erməni işğalçıları abidələrimizə qarşı, sözün əsl mənasında, soyqırım siyasəti həyata keçirir, onların tarixi dövrü, adı və s. dəyişdirilir. F.Xəlilli qeyd edir ki, 2019-cu ildə ölkəmizin evsahibliyi ilə keçiriləcək sessiya işğal altında olan abidələrimizə beynəlxalq aləmin, ekspert qruplarının, təşkilatların diqqətini yönəltməyə yardımçı olacaq. “Bu sessiyaya Azərbaycanın evsahibliyi etməsi çox yaxşı haldır. Hesab edirəm ki, bu, UNESCO ilə əməkdaşlığın daha səmərəli olmasına səbəb olacaq. Deyim ki, bu gün Azərbaycanın maddi irsi qeyri-maddi irslə müqayisədə UNESCO-da az təmsil olunur. Yəni İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, Qobustan abidələri UNESCO-ya daxildir. Hesab edirəm ki, daha çox maddi irs nümunələrimizi UNESCO-ya daxil etməliyik və sessiyada da bu məsələyə diqqət yönəltməliyik.
Bizim işğal altında olan torpaqlarımızda saysız-hesabsız abidəmiz qalıb. Onlar hazırda erməni işğalı alındadır. Qarabağda poliolit dövrünə aid olan Azıx mağarası dünyanın ən qədim və ilk insan məskənlərindən biridir. Bu abidə ümumdünya əhəmiyyətlidir. Lakin o abidə üzərində ermənilərin bir sıra saxtakarlıq əməlləri həyata keçirdiyi haqqında məlumatlarımız var. Azıx, Tağlar və s. abidələrimiz hazırda nəzarətsiz zonada qalıb və ermənilər onlara qarşı istismarçı mövqe göstərirlər. Hazırda nəzarətsiz zona olan işğal edilmiş torpaqlarımızdakı abidələrin taleyindən arxayın deyilik. Bu sessiyada bu məsələ gündəmə gətirilməlidir. Düşünürəm ki, UNESCO-nun bu sessiyasının ölkəmizdə keçirilməsi bizə imkan verəcək ki, işğal altında olan abidələrimizin durumu ilə bağlı keçirdiyimiz narahatlığı beynəlxalq aləmə çatdıraq. Bəlkə bununla o abidələr, onların vəziyyəti, durumu, bərpaya ehtiyacının olub-olmaması haqqında məlumata malik ola bilərik. Azərbaycanın işğal altında olan abidələrinin vəziyyəti ilə bağlı araşdırma aparılması üçün biz sessiyada məsələ qaldıra bilərik. Biz bu sessiyada Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəni abidələri dağıtmasına, talan etməsinə və qanunsuz ticarət həyata keçirməsinə də laqeyd qalmamağa çağırmalıyıq. Çünki o abidələr Azərbaycanla yanaşı, dünya mədəniyyətinin də bir parçasıdır və onları qorumaq üçün assambleyamız da ciddi addımlar atmalıdır. Yəni bizimlə yanaşı, dünya ictimaiyyəti də o abidələri qorumaq məsuliyyətindən kənar deyil” - deyə F.Xəlilli bildirdi.
F.Xəlilli qeyd etdi ki, işğal altında olan maddi irs abidələrimizin vəziyyətinə hələ beynəlxalq ictimaiyyət tərəfindən ciddi münasibət bildirilməyib. “Çox istərdik ki, sessiyada bu məsələ də qeyd olunsun. İşğal altında olan abidələrimiz, sözün həqiqi mənasında, təhlükə altında olan abidələrdir. O abidələrin təhlükə altında olması mütləq UNESCO-nun qarşıdakı ildə baş tutacaq sessiyasında səsləndirilməli və bu, beynəlxalq sənədlərdə öz əksini tapmalıdır. Bu, həmçinin, sözügedən sessiyada qeyd edilsə, gündəmə gətirilsə, çox yaxşı olar” - deyə F.Xəlilli bildirdi.
İradə SARIYEVA