Elşən Həsənov: “Onlar öz siyasi uğursuzluqlarını fürsətcil vasitələrlə kompensasiya etmək istəyirlər”
Kəskin istilər səbəbindən ölkənin enerji sektorunda yaranan nasazlıqdan siyasi məqsədlər üçün istifadə etmək istəyənlər də olub. Biz bunu sosial şəbəkələr və bəzi saytların fəaliyyətində açıq- aydın gördük. Əsasən də xarici ölkələrdə oturan şəxslər yaranmış vəziyyətlə bağlı xalqı radikal addımlar atmağa sövq etdirmək istəyiblər.
Xüsusilə də həmin vaxt Gəncədə baş verən ağır bir kriminal hadisə ilə də bağlı manipulyasiya edib, başqa rayonlarda da məmurlara qarşı itaətsizlik, hətta sui-qəsdlərin edilməsinə çağırışlar olub. Vəziyyət nə qədər ciddi xarakter alıb ki, hətta Prezidentin köməkçisi Əli Həsənov belə bu məsələyə sosial şəbəkədəki hesabında münasibət açıqlayıb. Əli Həsənov yazır ki, müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular: “Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, Azadlıq meydanına çıxmağa, Gəncədəki cinayəti - dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər. Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə məlumdur. Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror, polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən “siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə ediblər?! Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir neçə il hakimiyyətdə qalsaydı, gör nələr yaşanardı? Yaxud, Allah eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə olar? Ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib “barışdırıcılıq”, “arbitrlik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə özlərinə sığınacaq tapar-tapmaz, XIX əsrin rus anarxistləri üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhrəmanlaşdırmağa cəhd göstərdilər. Məsələnin daha pis cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir”.
Əli Həsənov məqaləsində belə bir sualla müraciət edir: “Vətənə bunca nifrət hardandır bu adamlarda?”
Doğrudan da, maraqlıdır, niyə bu tip adamlar insanların məhvi üzərində öz siyasətlərini qurmaq istəyirlər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, belə məsələlərlə ancaq cinayətkar ünsürlər və terror qrupları manipulyasiya edə bilərlər: “Məsələn, qaranlıq, kameraların işləməməsi oğurluq edən cinayətkarların işinə yaxşı yarayan bir atmosferdir. Peşəkar cinayətkarlar adətən öz şikarlarına qarşı belə şəraitlərdə hərəkətə keçməyi məqsədəmüvafiq sayırlar. Eyni sözləri terror qrupları ilə də bağlı deyə bilərik. Onlar da uyğun məkrli planlarını məhz ara qarışan zamanda həyata keçirirlər. Azərbaycanda baş verən enerji böhranı sevindirici hal deyildi. Bunun tənqidindən də çəkinməməliyik. Gördünüz ki, bu mövzuda ən sərt tənqidi də məhz Prezidenti özü etdi. Mən nadir hallarda İlham Əliyevi belə əsəbi görmüşəm. Biz şahidi olduq ki, o, xalqı əziyyətə salan məmurları necə tənqid etdi. Ancaq gəlin görək, qütbün başqa tərəfindəki siyai opponentlər hansı mövqeni ortaya qoydular? Onlar öz siyasi uğursuzluqlarını fürsətcil vasitələrlə kompensasiya etmək istəyirlər. Sivil siyasi mübarizədə uduzan adamlar yaranmış vəziyyətlə bağlı xaos yaradıb öz istəklərinə çatmaq istəyirmiş. Bu günlər ərzində sosial şəbəkələrdə adam öldürməyə, bankları qarət etməyə, məmurları öldürməyə çağırışlar gördük. Belə zehniyyətdə olan hansısa adamın siyasətlə məşğul olması təhlükəlidir. Məhz mövcud şəraitə uyğun olaraq, qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr - təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, hərbi, əhalinin təminatı və s. ciddi nəzarətə götürüldü və onların idarə olunması işi təşkil edildi. Həyata keçirilmiş ciddi tədbirlər nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı alındı, ən əsası, insan tələfatına yol verilmədi. Hazırda da dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi barədə əhaliyə müntəzəm məlumat verilir. Bir sözlə, Mingəçevir İES-də baş vermiş qəzanın, o cümlədən, bu hadisənin müxtəlif sahələrdə yaratdığı problemlərin aradan qaldırılması üçün dövlət orqanları tərəfindən zəruri tədbirlər görülüb və qısa müddətdə respublika həyatının bütün sahələrində normal iş fəaliyyəti bərpa olunub. Amma əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Mingəçevir İES-də baş vermiş qəzadan və Gəncə şəhərində vəzifəli şəxsə qarşı həyata keçirilmiş silahlı basqından məqsədyönlü şəkildə yararlanmağa çalışıb, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq, cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdiriblər. Hesab edirəm ki, bu cür vasitələrlə aparılan siyasi mübarizə cılızlıqdan, potensialın tükənməsindən xəbər verir”.
Məhəmmədəli QƏRİBLİ