Məlahət İbrahimqızı: “Enerji qəzasını xalqın anlayışla qarşılaması əhalinin Prezidentə etimadı ilə bağlıdır”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlərə toxunulub, o cümlədən qəza zamanı xalqın bu çətin sınaqdan şərəflə çıxdığı qeyd olunub.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət və həmrəylik göstəriblər: “Bütövlükdə, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilib. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm”.
Enerji qəzasını xalqın anlayışla qarşılamasının əhalinin Prezidentə etimadı ilə bağlı olduğunu bildirən millət vəkili Məlahət İbrahimqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə ictimaiyyəti baş vermiş qəza zamanı təmkin nümayiş etdirdi: “Bütün respublika enerji qəzasından əziyyət çəkdi. Belə bir məsəl var, “elnən gələn toy-bayramdır”. İyulun 4-də keçirilən müşavirə zamanı ictimaiyyətə bəlli oldu ki, cavabdeh olan şəxslərin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən məlum hadisə yaşandı. Xalq Prezidentə olan hörmətə və inama görə bu hadisəni təmkinlə qarşıladı. İstər dövlət idarəçiliyində, istər xalqla münasibətdə İlham Əliyev məmurlar üçün örnəkdir. Prezidentin sadə vətəndaşlarla davranış qaydalarına nəzər yetirəndə görürük ki, o hər kəslə görüşüb söhbət edərkən özünü onlarla eyni səviyyədə görür. Qeyd edim ki, Prezident dəfələrlə çıxışında özünü xalqın xidmətçisi adlandırıb. Təəssüf ki, bəzi məmurlar xidmət sahəsində olan insanlarla çox kobud davranırlar, vəzifələrini layiqincə yerinə yetirmirlər. Bunun acısını biz bu günlərdə yaşadıq”.
Xanım millət vəkilinin sözlərinə görə, geridə qoyduğumuz çətin günlərdə sadə vətəndaşlar bu hadisəni olduqca səbrlə qarşıladılar. Əhali inanırdı ki, Prezident bu məsələni nəzarətdə saxlayacaq: “Onu da deyim ki, keçirilən müşavirəni ölkə əhalisi yüksək qiymətləndirir. Prezidentin çıxışı zamanı məlum hadisədə günahı olan şəxslərin cəzalandırılacağı barədə fikri ölkə əhalisinin ürəyindən oldu”.
Günel CƏLİLOVA