Vüqar Qədirov: “Məhz buna görədir ki, Azərbaycan dövlətinin dayaqları sarsılmır, əksinə, daha da möhkəmdir”
Mingəçevir İES-də baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında yaranan problemlərlə əlaqədar iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında müşavirə keçirilib. Ölkə başçısı yaranmış vəziyyəi doğuran səbəblər və ondan çıxmağın yolları ilə bağlı məmurların məruzəsini dinləyib, onlara müvafiq tapşırıqlar verib.
Prezident belə böhranlı vəziyyətdə Azərbaycan vətəndaşlarının davranışını, xüsusilə də bir-birinə kömək etməsini xüsusi olaraq vurğulayıb: “Mənim sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birilərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Göründüyü kimi, ölkə başçısı sıravi Azərbaycan vətəndaşlarının göstərdiyi nümunəni, dövlətlə bir yerdə olmaq kimi davranışı xüsusi fəxarət hissi ilə vurğulayıb. Azərbaycan cəmiyyətinin ekstremal şəraitdə göstərdiyi bu həmrəylik nəyin əlaməti sayıla bilər?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, Azərbaycan xalqı belə sınaqlardan hər zaman üzüağ çıxıb: “Bu bizim xalqın fitrətində olan bir keyfiyyətdir. Biz yalnız şad gündə deyil, darda da səfərbər olmağı bacarırıq. Şanlı tariximizdən belə misalları çox çəkə bilərik. Amma mən yaxın tariximizdə olan hadisəni xatırlatmaq istərdim. 2016-cı ilin aprel döyüşləri zamanı bizim xalqımızda olan birlik, vətənpərvərlik hissləri hətta düşməni belə təəccübləndirmişdi. Enerji böhranı günlərində də biz bunun şahidi olduq. Düzdür, həmin məqamdan istifadə etmək istəyən fürsətcil insanlar da az deyildi, amma müdrik xalqımız bu məsələdə dövlətinin yanında oldu. Əslində, belə hadisələrin müsbət mənəvi tərəfləri də var. Bununla, bir növ, xaqımızın birliyi, milli ruhu, əzmkarlığı sınağa çəkilir. Artıq neçənci dəfədir biz bu sınaqdan üzüağ çıxırıq. KİV-lərdə təqdim edilən materiallardan gördük ki, insanlar işıqların söndüyü yerlərdən təxliyyə olunarkən, su ehtiyatlarını bir-birilə bölüşərkən hansı dərəcədə mehriban olublar. Bu ən əsası da düşmənə, onun buradakı və xaricdəki maşalarına verilən layiqli cavabdır. Təsadüfi deyil ki, məhz bu məqamı ölkə başçısı xüsusi olaraq vurğuladı. Demək ki, Azərbaycan dövləti ilə onun xalqı arasında sıx rabitə var. Məhz buna görədir ki, Azərbaycan dövlətinin dayaqları sarsılmır, əksinə, daha da möhkəmdir. Bəzən deyirlər ki, Azərbaycan xalqının həmrəyliyi əvvəlki kimi deyil. Mən bununla razılaşmıram. Bizim şahidi olduğumuz konkret faktlar sübut edir ki, istər milli ruh, istərsə də xalqın həmrəyliyi ilə bağlı bizdəki dinamika yüksələn xətt üzrədir”.
Məhəmmədəli QƏRİBLİ