İlham Şaban: “Burada əsas idarəçilik problemidir”
“Son 15 il ərzində 30 stansiya tikilib. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb”. Bu sözləri Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib.
Dövlət başçısının sözlərinə görə, təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib: “Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılıb. İndi yeni elektrik stansiyaları tikilir. “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Siz bunun izahatını verməlisiniz. İndi havaların isti keçməsi, istehlakın artması barədə verilən məlumat məni qətiyyən qane edə bilməz".
Dövlət başçısı bildirib ki, bununla bağlı yaradılan komissiyanın üzvləri ciddi işləməlidirlər. Prezident İlham Əliyev həm birinci qəzanın, həm də ikinci qəzanın səbəbləri barədə qısa müddət ərzində ona məruzə edilməsi barədə göstəriş verib.
Maraqlıdır, bir belə elektrik stansiyası olduğu halda, onlar niyə işləməyib?
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunu bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda kifayət qədər enerji mənbələri var. Sadəcə, ötən əsrin ortalarında ölkənin elektrik enerjisi ilə təminatı Mingəçevirdən asılı idi. Üstündən 65 il keçməsinə baxmayaraq, “Azərenerji” hələ də ölkəni Mingəçevir İES-dən asılı halda saxlayıb. Nəqletmə, enerjinin paylanması məsələsində çox böyük qüsurlar var. Burada söhbət paylayıcı şəbəkələrdən yox, məhz qəza vəziyyətlərində elektrik enerjisinin istehsalının bir nöqtədən digər elektrik stansiyası vasitəsilə yönəldilməsindən gedir. Ölkədə son illər ciddi elekrik mənbələri yaradılıb. Abşeron yarımadasında 1400 meqavoltluq , Şirvanda 800 meqavoltluq, Sumqayıtda 525 meqavoltluq, Səngəçalda 300 meqavoltluq, Şüvəlanda 400 meqavoltluq elektrik stansiyaları olduğu halda, istifadə edilmir. Mingəçevir İES-də problem yarana bilər. Bəs nəyə görə digər şəbəkələr indiyədək sistemə qoşulmayıb? Əgər bunu bacarmırlarsa, hökumətə açıq şəkildə desinlər ki, bacarmırıq, hökumət də xaricdən mütəxəssislər dəvət edib, problemi həll etsin. Məsələ “Azərenerji”dəki idarəçiliklə bağlıdır. Problemlərin olduğunu bilə-bilə bunu hökumətdən, ölkə rəhbərliyindən gizlətmək cinayətdir. 2002-ci ilin iyulunda da belə bir hadisə baş vermişdi. Ötən 16 il ərzində heç bir yenilik əldə olunmayıb. “Azərenerji” Azərbaycanda ən bahalı orqandır. Amma 2000-ci ildən sonra nə ictimaiyyət, nə də jurnalistlər üçün açıq olub. Nə rəhbərlik, nə də mütəxəssisləri səviyyəsində hesabatları olmayıb. 16 il bundan qabaq da belə hadisə olmuşdu. Onda da energetika naziri deyirdi ki, bizə elektrik stansiyaları tikmək lazımdır. İndiki nazir də deyir ki, elektrik stansiyaları tikmək lazımdır. Elektrik stansiyaları tikməklə məsələ həll olunur? “Azərenerji”nin balansında 36 elektrik stansiyası var. İstəyir bu, 36 yox, 136 olsun. Burada əsas idarəçilik problemidir. Ümumilikdə, bu hadisə baş verməməli idi. Deyilənləri əsas götürsək, Abşeronda 5 elektrik stansiyası var və belə çıxır ki, onların istehsal etdiyi elektrik Mingəçevir İES-ə gedib qayıdır? Bu nağıldır. Hadisənin əsl səbəbinə gəldikdə isə, onu Prezident tərəfindən yaradılan komissiya açıqlayacaq. Bütün qurumlar öz vəzifələrini vicdanla yerinə yetirməlidirlər. Eyni zamanda, bir-birlərinə nəzarət etməlidirlər. Əgər vaxtında “Azərenerji”nin modernizə etdiyi Mingəçevir İES-dəki işlərə nəzarət etsəydilər, mən əminəm ki, belə hadisə baş verməzdi”.
Vidadi ORDAHALLI